Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətləri xarici dövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublar göndəriblər.
Məktublarda Ermənistanın irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası əsasında Azərbaycan xalqına və dövlətinə qarşı genişmiqyaslı hüquq pozuntuları törətdiyi xatırladılıb:
"Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın bu günlərdə ortaya çıxmış videoyazısı bunu bir daha göstərir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu çıxış, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilmiş olmasını birmənalı şəkildə sübut edir”.