AZ

"Yeni dünya düzənin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

AzNews.az analitik-informasiya portalının suallarını Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev cavablandırır

- Cənab Nəbiyev, Azərbaycan prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsini kompleks şəkildə necə qiymətləndirmək olar?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi kifayət qədər dolğun, nəticə yönümlü və geniş fəaliyyətin əsaslarını əhatə edən, eyni zamanda bir çox məsələlərə dair yol xəritəsini özündə ehtiva edən intervü idi. Heç şübhəsiz bu müsahibə həm ölkə daxilində, həm də xaricdə analitik mərkəzlər tərəfindən geniş təhlil olunur, şərhlər verilir. Mesajların ünvanlandığı dairələr isə, yəqin ki, regiona yönəlik fəaliyyətləri üçün müəyyən nəticələr çıxaracaqlar.

- Azərbaycan yeni dünya nizamının tərtib olunmasında iştirak etmək istəyir. Prezidentin bu istiqamətdə mesajlarından hansı qənaət doğur?

- Bəli, cənab prezident müsahibə zamanı bir çox məsələlərlə yanaşı yeni dünya düzəni ilə bağlı strateji əhəmiyyətli baxışlarını da bölüşdü. Heç kimə sirr deyil ki, İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni hazırkı çağırışlara cavab vermir, çağdaş tələblərin həlli üçün potensial faktiki olaraq tükənmişdir. Başqa sözlə, hazırki dünya düzənini böhran içərisindədir. Ayrı-ayrı bölgələrdə silahlı münaqişələr, çoxsayda həllini gözləyən problemlər var. Yeni dünya düzəni isə hələ formalaşmayıb, amma bu istiqamətdə çağırışlar var. Müxtəlif qüvvələrin bu proseslə bağlı müxtəlif geosiyasi yanaşmaları var. Cənab Prezident vurğuladı ki, hələ formalaşmaqda olan yeni dünya düzəni fonunda biz öz bölgəmizdə- Cənubi Qafqazda və Xəzər regionunda malik olduğumuz resurslarla gündəliyimizi özümüz formalaşdırırıq. Biz nəyisə gözləmirik. Xüsusilə Vətən müharibəsindən, 2023-cü ildə baş tutan bir günlük lokal xarakterli antiterror əməliyyatlarından sonra yeni yaranmış reallıqlar bununla bağlı əlverişli şərtləri diktə edir. Azərbaycan beynəlxalq münasibətlər sistemində multilaterizmə üstünlük verir, öz xarici siyasətində kifayət qədər müstəqil və inamlı hərəkət edir, diplomatik müstəvidə prinsipial mövqe nümayiş etdirir, ölkəmiz qlobal arenada böyük etimad qazanıb.

- Bu günlərdə gözümüzün önündə olduqca maraqlı proses baş verir: Bəşər Əsəd diktaturasının süqutundan sonra Suriya yenidən qurulur. Azərbaycan rəsmi səviyyədə prosesdə iştirak etməyə hazır olduğunu açıqlayıb. Bu, Azərbaycanın regional oyunçudan geopolitik oyunçuya çevrilməsi deməkdirmi?

- Proseslərə daha geniş rakursdan baxanda Azərbaycanın regionun sərhədlərini aşan ciddi və ardıcıl addımlar atdığı aydın görünür. Azərbaycan ötən ay D8 təşkilatına üzv qəbul olundu. Bu qurumda səkkiz nüfuzlu müsəlman dövləti birləşir. Bu dövlətlərin ümumi əhalisi dünya əhalisinin 13 faizidir, bu isə İslam ölkələrinin əhalisinin təxminınən 60 faizi deməkdir. Eyni zamanda bu dövlətlərin ümumi daxili məhsulu 5 trilyon ABŞ dolları həcmindədir. Bu, çox ciddi rəqəmdir. Bu təşkilat 30 il bundan əvvəl yaradılıb və tarixində ilk dəfə həmin təşkilatın sıralarının genişlənlınməsi məsələsinə baxıldı. Azərbaycan coğrafi mövqeyi, siyasi vı iqtisadi potensialı və digər resursları ilə bu qurumun inkişafına töhvə vermək gücünə malik dövlətdir. Bu səbəbdən D-8 genişlənməni ilk dəfə olaraq suverenliyini tam bərpa etmiş Azərbaycandan başladı. Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərə münasibətdə həmişə ədalətli mövqe sərgiləyir, islam dəyərlərinin qorunması üçün beynəlxalq müstəvidə də əməli işlər görür. Məsələn, hələ 2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daiimi üzvü statusunda BMT və İslam Əməkdaşlıq Təşkilartı arasında əlaqələrin gücləndirilməsinə dair ilk dəfə xüsusi iclas təşkil etmişdi. Yaxud ayrı-ayrı müsəlman ölkələrinə dövlətimizin sərgilədiyi obyektiv və ədalətli mövqeyi götürək. Suriyada rejim dəyişikliyindən sonra baş verənlər bunu bir daha təsdiqlədi. Azərbaycan Suriyanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Dəməşqdə səfirliyimizin bərpası məsələsi gündəmdədir. Suriya mövzusunda rəsmi Bakı qardaş Türkiyə ilə birgə və əlaqələndirilmiş fəaliyyət göstərir. Yeni dünya düzəninə hazırlıq məqsədi daşıyan məsələlərdən biri də türk dünyası ilə münasibətlərimizin dərinləşdirilməsi və intensivləşdirilməsidir, bir faktı xatırlatmaq bu mənzərəni daha da aydın göstərərdi. 2020-cü il Vətən müharibəsindən ötən dövr ərzində Azərbaycanın dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv dövlətlərə 20-dən artıq səfər həyata keçirmişdir.

- Dövlət başçısı qeyd etdi ki, Donald Trampın yeni prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətləri strateji səviyyəyə qaldırıla bilər. Sizcə, Vaşinqton buna həvəs göstərəcəkmi?

- Azərbaycan- ABŞ münasibətləri kifayət qədər geniş gündəliyə malikdir. Hesab edirəm ki, ABŞ-la münasibətlərinin strateji dialoq, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması hər iki tərəfin maraqlarına uyğundur. Çünki ABŞ-ın regionumzdakı dövlətlərlə münasibət qurularkən Azərbaycanın malik olduğu iqtisadi, siyasi, maliyyə, hərbi gücü göz ardı etməsi mümkün deyil. Yəni bu gün Cənubi Qafqazda Azərbaycanın iradəsi olmadan hər hansı regional layihə uğurla həyata keçirilə bilməz. Bu kontekstdə Donald Trampın inaqurasiyasından sonra, onun birinci hakimiyyət dönəmində olduğu kimi, ABŞ- Azərbaycan münasibətlərinin normal siyasi dialoq çərçivəsində inkişaf edəcəyini proqnozlaşdırmaq olar. ABŞ-ın yeni administrasiyasının Türkiyənin regionda artan nüfunzu qəbul etməsi də Ankaranın strateji müttəfiqi kimi ölkəmizin də mövqeyinin möhkəmlənmsənə xidmət edəcək addım kimi qəbul edilə bilər.

- Bu günlərdə "Stratfor" jurnalı illik analizində Tramp administrasiyasının Ermənistanı deyil, Azərbaycanı dəstəkləyəcəyini proqnozlaşdırmışdı. Sizcə, ABŞ erməni diasporuna rəğmən, yeni geopolitik reallıqlar fonununda Ermənistanı niyə dəstəkləməməlidir?

- Bu suala cavab verərkən 2020-ci il Vətən müharibəsi dövründə Tramp administrasiyasının obyektiv mövqeyini də unutmamalıyıq. Eyni zamanda nəzərə almalıyıq ki, Ermənistanla ABŞ-ınintensiv münasibətləri var. Hələ ötən il Bayden administrasiyası dönəmində elan edildi ki, Ermənistanla münasibətlərini strateji dialoqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyirlər, bu həm də hərbi məsələləri ehtiva edir. Hətta 2024-cü ilin aprelində ABŞ administrasiyası Avropa İttifaqı Komissiyası ilə birlikdə Brüsseldə tədbir keçirərək Ermənistana hərbi sahədə dəstəyin göstərilməsi və s. məsələləri gündəmə gətirmişdi. Bu şəkildə olan birtərəfli yanaşma regionda sülhə, sabitliyə xidmət etmir. Regionda söz sahibi, aparıcı dövlət Azərbaycandır. Azərbaycan- ABŞ münasibətlərinin strateji səviyyəyə qaldırılması Vaşinqton üçün də önəmlidir. Çünki Azərbaycan malik olduğu coğrafi-strateji mövqeyinə görə həm də Orta Asiyaya açılan qapıdır. Əfqanıstanda ABŞ-ın 20 illik fəaliyyəti dövründə Azərbaycanın bu strateji əhəmiyyəti ABŞ-ın planlarının icrasına çox ciddi töhfə kimi qəbul edilirdi.

ABŞ-Azərbaycan münasibətlərinə Ağ evin erməni diasporasının gözü ilə baxması ötən illərdə yol verilən yanlışlıqların təkrarı ola bilər və bu Vaşinqtonun regiondakı maraqlarına heç də uyğun deyil.

Seçilən
15
aznews.az

1Mənbələr