AZ

İlham Əliyev: "Əsəd diktaturası tarixin zibilliyinə göndərilib"

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, Suriyada hakimiyyətin dəyişilməsi həm Türkiyə, həm də Azərbaycan üçün sevindirici məqamdır.

"Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib. Mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü", - o bildirib.

Prezident deyib ki, terrordan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur.

Prezident Əliyev Suriyada hakimiyyət dəyişikliyinin Azərbaycan üçün əhəmiyyətindən də danışıb.

"Suriyadakı dəyişikliklər bizi həddindən çox sevindirir. Çünki 12 il ərzində bizim Suriya ilə heç bir əlaqəmiz olmayıb. Bizim səfirliyimiz oradan çıxarılıb və Əsəd dönəmində Suriya hər zaman Ermənistanın yanında idi. Bizə qarşı Ermənistanla faktiki olaraq birləşmişdi, sadəcə olaraq, Paşinyanın Əsədə göndərdiyi məktublara, göndərdiyi rəsmi heyətlərə baxmaq kifayətdir - xarici işlər naziri, parlament spikeri və müavini. Onlar Suriyanı yaxın müttəfiq sayırdılar və artıq buna da son qoyuldu".

Bəşər Əsəd 2000-ci ildən etibarən Suriyaya rəhbərlik edirdi.

O, 29 il hakimiyyətdə olmuş atası Hafiz Əsəd vəfat etdikdən sonra prezident olmuşdu.

Bəşər Əsəd ötən il dekabrın 8-də Suriyada müxalif qüvvələrin hakimiyyəti ələ keçirməsindən sonra devrilib və Rusiyaya sığınıb.

Onun hakimiyyətdə olduğu illər təxminən İlham Əliyevin prezidentlik dövrü ilə üst-üstə düşür.

Bu müddət ərzində Suriyanın keçmiş lideri cəmi bir dəfə - 2009-cu ildə Azərbaycana rəsmi səfərə gəlib və səfər zamanı Heydər Əliyev Fondunu ziyarət edib.

Suriyada vətəndaş müharibəsi başlayanadək Əliyevlə Əsəd arasında telefon danışıqları da olub.

President.az saytının yazdığına görə 2010-cu ildə baş tutan sonuncu telefon danışığında tərəflər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini və əlaqələrin möhkəmlənəcəyini qeyd ediblər.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
18
bbc.com

1Mənbələr