AZ

Yaşıdlarım kompüter oynayarkən, mən onların necə yarandığını araşdırırdım - MÜSAHİBƏ

İstedadlı uşaqlar kiçik yaşlarından etibarən öz çeviklikləri, yaddaşı, şifahi və yazılı nitq bacarıqları, düşüncə tərzləri, problemi həll etmə bacarıqları, sürəti və müxtəlif bu kimi bacarıqlarına görə yaşıdlarından fərqlənirlər.

 

Heç təsadüfi deyil ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarında həmin şagirdlərə rast gəlmək mümkündür.

 

Onlardan biri də Naxçıvan Dövlət Universitetinin nəzdində gimnaziyanın 10-cu sinif şagirdi Hüseyn Tahirovdur.

 

Belə ki, Hüseyn kiçik yaşlarından etibarən kompüter sahəsinə böyük maraq göstərir. O, 9-cu sinifdə ümumi orta təhsil haqqında attestat imtahanında 291 bal toplayaraq qırmızı attestatla təltif olunmuş, Dünya Robot Olimpiadası Azərbaycan finalında Robosport kateqoriyasında 1-ci yer qazanaraq Panama Respublikasında keçirilən Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edib.

 

AzEdu.az Təhsil Portalı olaraq bizdə bu münasibətlə Hüseyn Tahirovla əlaqə saxladıq.

 

Müsahibimiz Coast Academy və Uğur kurslarının təşkil etdiyi imtahan və olimpiadalarda 2-ci və 3-cü yerləri qazanaraq “İlin şagirdi” seçilən Hüseyn Tahirovdur. “İlin şagirdi” adına layiq görülən Hüseyni daha yaxından tanıyaq.

 

- Hüseyn, qazandığın uğurlar münasibətilə səni təbrik edirik! İstərdik ki, özün haqqında oxucularımıza daha geniş məlumat verəsən.

153008

-Çox sağ olun! Mən, Hüseyn Tahirov, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən gimnaziyanın 10-cu sinif şagirdiyəm. Əvvəllər Ordubad rayon internat məktəbində təhsil alırdım. Kompüterlərə marağım 5 yaşımda yaranmağa başladı və bu gün də bu sahədə özümü inkişaf etdirməkdəyəm.

 

- Necə oldu ki, kompüterlərə marağın belə erkən yaşda formalaşdı?

 

-Atam kompüter sahəsində çalışdığı üçün onun işini izləmək marağımı artırdı. Fikirləşirdim ki, bu proqramlar necə yaradılır? Əksər uşaqlar oyunlara maraq göstərsələr də, məni kompüterlərin işləmə prinsipi daha çox cəlb edirdi. Hətta bu maraq riyaziyyat, fizika, STEAM və informatika kimi dərslərdə də uğur qazanmama səbəb oldu.

 

- Qazandığın uğurlar yaşıdların üçün nümunədir. Başqa hansı nailiyyətlərin var?

 

153007

-8-ci sinifə qədər keçirilən sınaq imtahanlarında yüksək nəticələr əldə edərək Ordubad Rayon Təhsil Şöbəsi tərəfindən təltif olunmuşam. 6-cı sinifdə Respublika Fənn Müsabiqəsində riyaziyyat üzrə 4-cü yerə, 8-ci sinifdə Gimnaziyaya qəbul imtahanında isə Muxtar Respublika üzrə 2-ci yerə layiq görülmüşəm. STEAM sahəsində keçirilən müxtəlif layihələrdə 6 dəfə qalib olmuşam. 8-ci sinifdə STEAM Azerbaijan Festivalında nominasiya üzrə 2-ci yer tutdum. 10-cu sinifdə Respublika Robot Olimpiadasında Robosport kateqoriyasında 1-ci yeri qazandım və Azərbaycanı Türkiyədə təmsil etdim. Bundan əlavə, informatika fənnindən Respublika Fənn Olimpiadasında Naxçıvan üzrə ilk dəfə final mərhələsinə yüksəlmişəm.

 

Bu uğurlarım Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar tərəfindən diplom və sertifikatlarla qiymətləndirilib.

153003

- Əhsən, bir daha! Müvəffəqiyyətlərinin bol olmasını diləyirəm. Uğurunun sirrini necə izah edərsən?

 

-Əsas məsələ məqsədli olmaqdır. İstənilən insan qarşısına məqsəd qoyaraq ona nail ola bilər. Uğurlarımın bir səbəbi də gimnaziyamızda yaradılan müasir tədris şəraiti və müəllimlərin dəstəyidir. Məsələn, STEAM kabinəmizdə müxtəlif layihələr üzərində işləyərək təcrübələrimi artırıram.

 

- Bəs, səni məqsədinə doğru irəliləməyə nə motivasiya edir?

 

-Əsas güc mənbəyim öz inamımdır. Gün ərzində dərslərdən sonra STEAM kabinəsində araşdırmalar aparır və öyrənməyə davam edirəm. Ən böyük dəstəyim öz iradəm və çalışqanlığımdır.

 

- Bu sahəyə marağın valideynlərinin arzusu idi, yoxsa öz seçimin?

153002

-Valideynlərim mənim həkim olmağımı istəyirdilər. Amma mən kompüterlərə olan marağım səbəbindən kiber təhlükəsizlik sahəsində təhsil almağa qərar verdim. Ən böyük arzum Bakı Ali Neft Məktəbinə qəbul olmaqdır.

 

- Magistratura təhsili barədə düşüncələrin varmı?

 

-Bakalavr təhsilimi müvəffəqiyyətlə başa vurduqdan sonra ABŞ-də, xüsusilə Nyu-York Universitetində magistr təhsili almaq istəyirəm. Həmçinin gələcəkdə TEXNOFEST yarışlarında uğur qazanmağı hədəfləyirəm.

 

-Bəs, nə üçün həmin universitetdə təhsil almağı düşünürsən?

 

-Biz Panama şəhərində olarkən həmin universitetin tanıtımı həyata keçirildi. Elə o vaxtdan universiteti çox bəyəndim. Bundan başqa gələcəkdə Amerikada yaşamağı düşündüyüm üçün orada təhsil almaq istəyirəm.

 

-Ailədə neçə övladsınız?

 

-Ailədə 3 övladıq. Bir bacım və bir qardaşım var. Qardaşım elə oxuduğum liseyin 6-cı sinif şagirdidir. Bacım isə Ordubad rayon internat məktəbində təhsil alır.

 

- Hüseyn, sonda yaşıdlarına nə tövsiyə edərsən?

153010

-Əsas tövsiyəm məqsədlərinə doğru inadla çalışmaqdır. Hər bir çətinlik qarşısında özlərinə olan inamı itirməməli, seçdikləri sahədə daim inkişaf etməyə səy göstərməlidirlər.

Seçilən
37
azedu.az

1Mənbələr