AZ

2025-ci ildə Azərbaycanda mənzillərin təmir və tikintisində bahalaşma gözlənilirmi? - PROQNOZ

"Azərbaycanda bu il təmir-tikinti materiallarında 5-10 faiz orta qiymət artımı proqnozlaşdırılır".

Azərbaycanda son illərdə infrastrukturun inkişafı, yeni yaşayış komplekslərinin və kommersiya obyektlərinin tikintisi ilə birlikdə təmir və tikinti sahəsinə olan tələbat artmaqdadır. Lakin bu artım, həm də tikinti materiallarının qiymətlərinin yüksəlməsinə və digər iqtisadi faktorlara bağlı olaraq təmir işlərinin daha bahalı olmasına gətirib çıxarır. Ötən illərdə ölkədə təmir və tikinti materiallarının qiymətindəki yüksəliş 2025-ci ilin bazar qiymətləri ilə bağlı suallar yaradır.

Bəs bu il təmir-tikinti materiallarında bahalaşma nəzərə çarpacaqmı?

Mövzu ilə bağlı “Operativ Media”ya fikirlərini bildirən əmlak eksperti Elnur Azadov bildirib ki, Azərbaycanda təmir-tikinti materialları indiyədək iki dəfə ciddi bahalaşmaya məruz qalıb:

“Ölkəmizdə inşaat materiallarında qiymət artımı bir neçə dəfə müşahidə olunub. Bunun nəticəsində ümumi daşınmaz əmlakda qiymətlər ciddi şəkildə dəyişib. Bu hadisə Azərbaycanda iki dəfə baş verib. 

İlki 2006-cı ildə olub ki, nümunə kimi bir ton armaturun qiyməti 600 manatdan 1000 manata kimi yüksəlib. Buna görə həmin illərdə daşınmaz əmlakın qiymətində kəskin artım müşahidə olunub, təxminən 25 faiz tendensiya izlənilib. 2021-2022-ci  illərdə isə bir ton armaturun qiyməti 700-800 manatdan 1200-1250 manata kimi bahalaşdı və tikinti şirkətləri də qiymətləri artırmağa başladılar.

Eyni zamanda ölkədəki inflyasiya və şəhərsalma normativlərinin sərtləşməsi tikinti şirkətlərinin il ərzində qiymətləri orta hesabla 15 faiz qaldırması ilə nəticələndi. Buna görə də daşınmaz əmlakın qiyməti 35-40 faiz bahalaşdı. Yəni görürük ki, armatur kimi kütləvi istifadə olunan bir sıra inşaat materiallarının bahalaşması nəticəsində daşınmaz əmlakın qiymətində yüksəlmə müşahidə olunur. Digər inşaat materiallarının qiyməti də son illər ərzində təxminən 15 beş faiz bahalaşdı. Əsasən Rusiyadan idxal olunan taxta-şalban materiallarının qiyməti xeyli artıb. Son bir il ərzində fərdi evlərin tikintisinə və daşınmaz əmlakın alışına ciddi təsir edən bu bahalaşmalar bir çox vətəndaşları ipotekaya müraciətə təşviq edib. 

Elnur Azadov bildirib ki, bu il ərzində ciddi bahalaşmalar gözlənilməsə də, 5-10 faiz orta qiymət artımı proqnozlaşdırılır.

İqtisadçı ekspert Natiq Cəfərli isə qiymət artımının səbəblərini qeyd edib:

“Tikinti bazarında qiymətlər artır, çünki tələb yüksəlib. Xüsusilə, işğaldan azad edilmiş ərazilərin təmir-bərpa işləri tikinti materiallarına tələbi də xeyli artırıb. Bu isə öz növbəsində qiymət artımına səbəb olur.

Digər bir səbəb insanların əmək haqqı gözləntilərinin artmasıdır. Ustalar da zamanın tələblərinə uyğun olaraq daha çox pul qazanmaq istəyirlər. Çünki qiymətlər yüksəlir. Bu iki amili nəzərə alsaq, təbii ki, 2025-ci ildə də təmir, tikinti işlərində həm əmək haqqı, həm də tikinti materiallarının qiymətində artım müşahidə olunacaq”.

Seçilən
58
28
operativmedia.az

10Mənbələr