Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Tibb Universitetinin tələbələrinin iştirakı ilə “Qış möcüzələrinin səsləri” adlı təntənəli konsert proqramı baş tutub.
Tədbirdə Xalq artisti Fidan Hacıyevanın vokal musiqi məktəbinin tələbələri ATU-nun “Şəfa” xalq çalğı alətləri ansamblının üzvləri və “Mezzo” kamera orkestrinin müşayiəti ilə çıxış ediblər.
Konsert zamanı Arşın mal alan “Sevil“, “Karmen” operalarından hissələr, Üzeyir Hacıbəylinin “Gözəlim yar Gözəlim”, Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, Tofiq Quliyevin “Dostluq mahnısı” və digər əsərlər səsləndirilib. Yen il mövzulu klassik və müasir musiqi parçaları ilə yanaşı, vətənpərvərlik mövzusundakı əsərlərin ifa olunduğu konsert proqramı Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb.
Proqramın sonunda ATU rektoru, professor Gəray Gəraybəyli çıxış edərək belə möhtəşəm konsertin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, cəmi 2 ay ərzində müxtəlif gənclərin qrup halında peşəkar səhnəni paylaşması yalnız böyük bir müəllimin səyləri və peşəkarlığı nəticəsində mümkün ola bilərdi.
Rektor G.Gəraybəyli vokal sənəti və klassik musiqilərin tədrisinə xidmət edən və istedadlı gənclərimizə dəstək olan fəaliyyətinə görə xalq artisti F.Hacıyevaya təşəkkürünü çatdırıb.
Öz növbəsində Xalq artisti Fidan Hacıyeva da rəhbərlik etdiyi vokal musiqi məktəbinin fəaliyyəti, planlaşdırılan yeni layihələr barədə məlumat verib. O , ATU tələbələrini “Arşın mal alan” operasında iştirak üçün dəvət edib. Sonda xalq artisti F.Hacıyeva konsertin baş tutmasına göstərdiyi dəstəyə görə ATU-nun rektoru professor Gəray Gəraybəyliyə, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımova təşəkkürnamə təqdim edib.