AZ

Qəza ilə bağlı ədalətli məhkəmə qurulmalıdır - Akif Nağı

Yazını böyüt
Yazını kiçilt

Azad Vətən Partiyasının sədri Akif Nağı ilə hafta.az üçün budəfəki söhbətimizdə Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından və onlarca soydaşımızın həlak olmasından sonra həmin dövlətlə münasibətlərə yenidən baxılması məsələsi, Rusiya Prezidenti V.Putinin qəzaya uğramış Azərbaycan təyyarəsinin Rusiya ərazisində qəbul edilməməsini necə əsaslandıraca biləcəyi, Azərbaycan-Ermənistan sərhədində neçə aylardır pozulmayan atəşkəsin məhz Azərbaycan təyyarəsinin Rusiyadakı faciəsindən və xalqımızın, dövlətimizin buna kəskin reaksiyasından sonra pozulmasının təsadüf olub-olmaması və s. mövzuları müzakirə etdik.

- 2024-cü il Azərbaycan üçün faciəli bir hadisə ilə bitdi – Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəmiz Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduqdan sonra ona həmin dövlətin ərazisində eniş imkanı verilmədi və nəticədə  uçağımız qəzaya uğradı, onlarca insanımız həlak oldu. Bu baxımdan yeni 2025-ci  ilimizə Rusiya ilə münasibətlərə, xüsusən də onunla müttəfiqliyə yenidən baxmaq ili kimi başlamaq olarmı?

- Rusiya ilə münasibətlərə yenidən baxılması həmişə aktual məsələ olub. Onu nəzərə almalıyıq ki, Rusiya regionda kobud bir hərbi gücdür və istənilən vaxt, istənilən istiqamətdə heç kəsin proqnozlaşdırmadığı, nəzərə almadığı hərəkətlər edə bilər. Ona görə də Rusiyanın regionda neytrallaşdırılması daha vacibdir. Bu neytrallaşdırmanı 2022-ci ilin fevral ayında həmin dövlətlə Azərbaycan arasında imzalanması strateji müttəfiqlik haqqında müqavilə tipli sazişlərin imzalanmasıyla, hansısa qarşılıqlı maraqların ödənməsi vasitəsilə həyata keçirmək mümkündür. Yəni Rusiya ilə sərt konfrontasiyaya getmək, o dövlətdən tamamilə uzaqlaşmaq, ona qarşı hansısa sanksiyaları dəstəkləmək, hesab edirəm ki, Moskvanı daha ciddi surətdə Ermənistana tərəf itələyə bilərdi. Və Rusiyanın Azərbaycana qarşı hansısa səviyyədə əngəllər, təxribatlar törətməyə yetərincə resursları var. Kremlin ölkəmizdə müəyyən proksi qüvvələri var, təsir agentləri var. Həmin qüvvələr konservləşdirilib və Moskvanın lazımi məqamda onları hərəkətə gətirib hansısa təxribat, partlayış törətmək üçün agentura şəbəkələri və qrupları mövcuddur...

Onu da deyim ki, Azərbaycan Prezidenti son təyyarə faciəsi ilə bağlı mövqeyini sərt şəkildə ortaya qoydu. Hiss olunur ki, Rusiya da bu mövqe ilə, həmçinin Azərbaycan və Türkiyənin regiondakı gücü ilə hesablaşır. Elə bu şəkildə maksimum çalışmaq lazımdır ki, Kreml sözügedən təyyarə qəzasıyla bağlı özünü Azərbaycan xalqı və dövləti qarşısında günahkar hiss etsin, Azərbaycan Prezidentinin tələbləri yerinə yetirilsin, Rusiya rəhbərliyi qismən də olsa, məsuliyyəti öz üzərinə götürsün və günahkarlar cəzalandırılsın. Tam olaraq məsuliyyəti boynuna götürməyə Moskvanı məcbur etmək çətin məsələdir, çünki Putin sözgəlişi üzrxahlıq etdi, sadəcə bir fikir səsləndirdi, geniş şəkildə rəsmi olaraq “mən dövlət başçısı olaraq məsuliyyəti öz üzərinə götürürəm, günah bizdədir” və s. söyləmədi. Ona görə də Rusiya ilə münasibətlərlə bağlı deyilən amillər hamısı nəzərə alınmalıdır...

- Ölkə başçısının da Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı son çıxışında dediyi kimi, əgər məsələyə “ədalətlə və insani yanaşılsa”, tutaq ki, istintaq başa çatdıqdan sonra Putin  hansısa bir hissə komandirini, hansısa bir dispetçeri cəzalandırdı. Bəs Azərbaycan sərnişin təyyarəsinin Qroznı ətrafında, azı, 5 normal və həmin dəqiqə və saatlarda planet üzrə avia-uçuşları izləyən məşhur saytların da göstərdiyi kimi eniş-uçuşların olduğu hava limanlarına enişinə icazə verilməməsini necə əsaslandıracaq?

- Hesab edirəm, Azərbaycan rəhbəri öz çıxışlarında “AZAL” təyyarəsinin Rusiya ərazisində enməsinə şərait yaradılmaması ilə bağlı məsələni sərt şəkildə ortaya qoyub. Kreml də bu sualın qarşısında aciz qalıb. Braziliyada “qara qutu” da açılıb və oxunub, Qazaxıstanda da bununla bağlı araşdırmalar davam edir və artıq ilkin nəticələr əldə olunub. Heç cür izah oluna bilmir ki, Qroznı və onun ətrafında neçə aeroport olduğu halda,  hansı səbəbdən Azərbaycan təyyarəsinin enməsinə imkan verilməyib. Bilirsiniz ki, bununla bağlı Rusiya tərəfindən müxtəlif versiyalar irəli sürülür. Həmin versiyaların heç biri özünü doğrultmur. Azərbaycan tərəfinin isə versiyası ondan ibarətdir ki, təyyarəmizin vurulmasının izlərini - sübutlarını itirmək üçün Qroznıda və Rusiyanın Cənub Hərbi Dairəsindəki komandanlıq pilotlarımızı o şəkildə Xəzər dənizinə tərəf istiqamətlənməyə məcbur ediblər. Məqsəd isə ondan ibarət olub ki, təyyarə dənizdə batsın, sərnişinlər də ölsün, maddi-texniki sübutlar, canlı şahidlər qalmasın. Azərbaycan pilotları və bələdçilərinin qəhrəmanlığı sayəsində Rusiya tərəfinin bu cür məkrli planları pozulub.  Prezident də sərt şəkildə tələb qoyub ki, biz 3-cü...–10-cu dərəcəli şəxslərin yumşaq cəzalandırılması ilə  kifayətlənməyəcəyik. Əməlli-başlı, düzgün və ədalətli məhkəmə prosesi qurulmalıdır. Hesab edirəm, Azərbaycan nümayəndələri də həmin prosesə qatılmalıdırlar. Hadisənin bütün iştirakçıları və şahidləri, o cümlədən təyyarə qəzasından salamat çıxmış bələdçi və sərnişinlər də şahid, ittuhamçı qismində iştirak etməlidirlər. Yəni Azərbaycanın Rusiyadan tələb və gözləntiləri bundan ibarətdir. Və inanıram ki, biz bir dövlət olaraq buna nail olacağıq...

- Hələ ötən əsrin əvvəlində və sonlarında xüsusən ermənilərlə özlərinin qızışdırdıqları müharibələr zamanı baş verənləri demirik, yalnız 2020-2024-cü illər ərzində “sülhməramlı”larının Qarabağda çıxardığı oyunbazlıqlarla yanaşı, son təyyarə faciəsi də sübut etmirmi ki, Rusiya ilə müttəfiqliyə nəinki etibar etmək olmaz, bu müttəfiqlik həm də təhlükəlidir?

- Təbii ki, Rusiya Azərbaycanı özündən asılı olan, daim təsiri altında qalan bir ölkə kimi görmək istəyir. O tərəfdən Qərb də ölkəmizi bu qayda da öz nüfuzu dairəsində saxlamaq istəyir. Dünya belədir: böyük dövlətlər kiçik dövlətləri özünə tabe etməyə çalışırlar. Məqsəd də ondan ibarətdir ki, həmin ölkələrin sərvətlərini özləri bildikləri kimi talasınlar. Müstəmləkələr də bu niyyətlərin üzərində qurulub. Avropa imperiyaları dağılandan sonra keçmiş müstəmləkələrinin hansı günlərə düşdüyü məlumdur... Rusiya da eyni qaydada Azərbaycanda hakimiyyət üzərində nəyəsə nail olmağa çalışır. Amma bunun qarşılığında Azərbaycan öz dişini göstərir – odur ki, Kremldəki imperialistlər heç nəyə nail ola bilməyəcəklər. Bununla belə,  indiki durumda onlara hansısa gözlənilməz, sərt addım atmaları üçün bəhanə vermək lazım deyil. İndiki şərait bizim maraqlarımıza uyğundur. Hazırda Rusiya Azərbaycan üzərində, demək olar ki, bütün təsir imkanlarını itiribr. Azərbaycan müstəqil şəkildə öz siyasətini yeridir.  Rusiya ilə də Qərblə də müəyyən məsafədə dayanır. Bir sözlə, dövlətimiz öz maraqlarına uyğun siyasət yürdür. Bəzən buna “balanslaşdırılmış siyasət” deyirlər. Mən bu cür yanaşma ilə o qədər də razı deyiləm. Sadəcə, Azərbaycanın dövlət maraqları tələb edəndə Rusiya ilə müəyyən qədər yaxınlaşır, maraqları təmin olunmayanda isə lazımi dərəcədə uzaqlaşır. Və eyni qayda da Qərblə də münasibətlərini qurur. Bu baxımdan biz hazırda Rusiya ilə də münasibətlərimizin sərt, radikal şəkildə dəyişməsində maraqlı deyilik. Əgər Moskvanın regionda mövqeləri tədricən dəyişilirsə, biz də həmin prosesi izləməli və ona uyğun hərəkət etməliyik...

- Sizcə, Azərbaycan-Ermənistan sərhədində neçə aylardır pozulmayan atəşkəsin məhz Azərbaycan təyyarəsinin Rusiyadakı faciəsindən və xalqımızın, dövlətimizin buna kəskin reaksiyasından sonra pozulması təsadüfdürmu? Burada Ermənistandakı “5-ci kalon” və agentura nümayəndələrinin rolu ola bilərmi?

- Əlbəttə, Laçın Azərbaycan üçün çox strateji əhəmiyyətə malik bir məntəqədir. Laçın uğrunda Ermənistanda 1990-cı illərdən bəri mübarizə apardı, 44 günlük müzəffər Vətə savaşımızdan sonra “sülhməramlı”larını ərazidə yerləşdirmiş Rusiya da 2020-2024-cü illərdə Laçını əldən vermək istəmirdi. 2023-cü ilin aprel ayınadək Rusiya rəsmiləri və ilk növbədə xarici işlər naziri Lavrov bildirirdi ki, Laçın dəhlizi yalnız Rusiyanın nəzarətində olmalıdır, digər ikinci dövlət onu  nəzarətə götürə bilməz.  Azərbaycan yenə mövqeyini ortalığa qoydu, Moskvanı faktla razılaşmağa məcbur etdi və Ermənistanla sərhəddə Laçın nəzarət-buraxılış məntəqəsini qurdu. Ona görə bu gün də Laçının öz nəzarətindən çıxmasıyla Rusiya razılaşmır. Ermənistan isə həmişəki kimi piyadadır, onun müstəqil qərar vermək imkanı yoxdur və o, alətdir. Və görünür, Rusiya da Ermənistandakı müəyyən qüvvələrin əli ilə Laçında sabitliyi pozmağa çalışır, göstərmək istəyir ki, guya Azərbaycan öz gücü ilə orada sabitliyi, sülhü qoruyub saxlaya bilməyəcək... 

Mən bu günlərdə sözügedən məsələ ilə bağlı maraqlı bir şərhlə də rastlaşdım ki, Laçın istiqamətində atəşkəsin pozulması Avropa Birliyinin təşəbbüsü də ola bilər. Avropa müşahidəçiləri regiondadır.  Onlar Ermənistan sərhədinə gələndə bildirmişdilər ki, əgər onlar olmasalar, Azərbaycan hərəkətə keçəcək,  guya Qərbi Zəngəzurda əraziləri ələ keçirəcək və nəticə Ermənistan üçün ciddi təhlükə yaranacaqdır. Yəni bu yollarla özlərinin regiona gəlişinə bəraət qazandırmağa çalışırlar. Ona görə də sabitlik onlara sərf etmir. Azərbaycan isə şərti dövlət sərhədində tam şəkildə mövqelərini qoruyub saxlayır. Hansı tərəfdən təşkil edilməsinə baxmayaraq, Laçın istiqamətində təxribat alınmadı. Azərbaycan ordusu erməni tərəfinə heç atəşlə də cavab vermədi və bununla o təxribatçılara yumşaq  sillə vurdu ki, sizə atəş də aça bilərik, həmişəki kimi postlarınızı da dağıda bilərik, amma ağlınızı başınıza yığın. Azərbaycan Prezidenti də dəfələrlə Ermənistan tərəfinə xəbərdarlıq edib ki, silahlandırmanı dayandırın. Bilirsiz ki, gələn ildən Azərbaycanın dövlət büdcəsindən müdafiə sahəsinə 8,4 milyard manat pul ayrılıb. İlk dəfədir ki, dövlətimiz silahlanmağa bu qədər vəsait ayırır. Bunu da Azərbaycan rəhbəri onunla izah etdi ki, Ermənistan son illər sürətlə silahlandığından biz də öz müdafiə qabiliyyətimizi gücləndirməliyik. Yəni bu şəkildə Azərbaycan qarşı tərəfə göstərir ki, siz nə etsəniz, biz onqat cavab verəcəyik...

Bununla belə, onu da qeyd etməliyik ki, söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi həm Ermənistanda, həm də Azərbaycanda Rusiyanın “5-ci kalon”u, proksiləri, təsir agentləri mövcuddur və fəaliyyət göstərir. Ona görə də bir daha təkrar edirəm ki, böyük ehtimalla Laçın istiqamətindəki son atəşkəs pozuntusu da Rusiyanın sifarişi ilə həyata keçirilib.  O cümlədən Kremlin Ermənistanda təsir dairəsində olan agentlərinin iştirakıyla... Paşinyanın komandası siyasi mənada tam olaraq həmcins və həmfikir deyil, orada Qərbə də, Rusiyaya da sadiq müxtəlif qruplaşmalar var. Belə olan halda Ermənistanda hər iki tərəfin sifarişinin yerinə yetirilməsi mümkündür...

Seçilən
2
1
hafta.az

2Mənbələr