“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar 2024-cü ildə ərəb komandasının heyətində keçirdiyi iki oyun müqabilində milyonlar qazanıb.
Arena.az “Footmercato” dərgisinə istinadən məlumat verir ki, braziliyalı ulduz Asiya Çempionlar Liqasında bu 2 oyun ərzində meydanda keçirdiyi 42 dəqiqə müqabilində 101 milyon avro məbləği qatlayıb cibinə qoyub.
Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “Santos”un heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.
Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.
“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Avropada debütü “Barselona” ilə başlamış Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib.
Təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 7 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.