İngilis mütəxəssis Qrem Potter İngiltərə Premyer Liqasında mübarizə aparan “Vest Hem”in baş məşqçisi təyin olunmasına münasibət bildirib.
Arena.az xəbər verir ki, o, “çəkicdöyənlər”in sükanı arxasına keçməyə nədən qərar verdiyini belə izah edib:
“Buna bir çox səbəblər var. Bu, tarix, ənənə, ailə ab-havası və inanılmaz dərəcədə sadiq və ehtiraslı azarkeşlərdir. Burada maraqlı komanda və yaxşı gənc oyunçular yetişdirən parlaq akademiya var, mən onlarla tanış olmaq və onlarla işləmək istəyirəm. Mən sadəcə doğru təklifi deyil, doğru fürsəti gözləyirdim. Düşünürəm ki, düzgün seçim etmişəm”, – “Vest Hem”in rəsmi saytı Potterdən sitat gətirir.
Xatırladaq ki, 49 yaşlı mütəxəssislə 2,5 illik (2026/2027-ci illər mövsümünün sonunadək) müqavilə imzalanıb. O, bu postda iki gün öncə istefaya göndərilmiş ispan mütəxəssis Xulen Lopeteqini əvəz edib.
Qrem Potter məşqçilik fəaliyyətinə 2008-ci ildə “Lids Karnegi”də başlayıb. Ardınca ingilis mütəxəssis “Östersund”, “Suonsi Siti” və “Brayton”u çalışdırıb. Potterin məşqçilik fəaliyyətinin zirvəsi isə 2022-ci ilin sentyabrında qəbul etdiyi “Çelsi” ilə əməkdaşlığa təsadüf edir. Potter “zadəganlar”ın sükanı arxasında 2023-cü ilin aprelinə qədər çalışıb. “Çelsi” Potterin rəhbərliyi altında 31 oyuna 12 qələbə, 8 heç-heçə və 11 məğlubiyyət yaşayıb, vurduğu 33 qol müqabilində 31 qol “yeyib”. Potter 2023-cü ilin aprelində “Çelsi”dən ayrılandan bəri işsiz idi.
Qrem Potterin məşqçilik qənimətləri rəfində “Östersund”la qazandığı İsveç kuboku var.
“Vest Hem” bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna topladığı 23 xalla 14-cü sırada qərarlaşıb. Komanda 6 qələbə qazandığı halda 5 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.