Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
“Rəqəmsal ekologiya” informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.
REİS-in sahibi funksiyalarını nazirlik, operatoru funksiyalarını isə nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirəcək.
Maliyyə Nazirliyinə REİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin ETSN-in sərəncamında olan məqsədli büdcə fondları vasitəsilə maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə isə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
REİS-in fəaliyyətinin təşkili, onun saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər ETSN-in sərəncamında olan məqsədli büdcə fondları və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.