AZ

Azər Bağırov: “Onların göstərdikləri performans xoşuma gəlir”

Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Kəpəz”in baş məşqçisi Azər Bağırov qış təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında qış təlim-məşq toplanışının yaxşı keçdiyini bildirib:

“Yanvarın ilk günlərindən komanda bir yerə yığılıb və məşqlərə başlamışıq. Hazırlıq prosesində qarşıya qoyduğumuz planları həyata keçirməyə çalışırıq.

Şükürlər olsun ki, zədəsiz şəkildə məşqləri davam etdiririk. Ən vacib məqamlardan biri budur. Uşaqların məşqlərdə göstərdikləri performans xoşuma gəlir. Səylə çalışırlar. Bu formada davam edirik. Ayın 13-nə kimi bəzi fiziki yükləmələri bitirəcəyik. Çempionat oyununa bir həftə qalmış komanda hazır olmalıdır”.

Azər Bağırov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyuna barədə də fikirlərini bölüşüb:

“Meydana hər iki hissədə fərqli heyəti buraxmışdıq. Futbolçularımızın daha çox təzyiqdə oynamasını istəyirdik. Hamının 45 dəqiqə meydanda olmasına baxmayaraq, yükləmələri daha çox götürməsi vacib idi. Bilirsiniz ki, heyətimiz elə də geniş deyil. Ona görə oyunçuların belə vəziyyətdə mübarizə aparması düşünülmüşdü. Bu, onların həm fiziki, həm də mənəvi tərəfdən performansını yaxşılaşdırması üçün idi. Məncə, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, mübarizədən xoşum gəldi”.

Xatırladaq ki, “Kəpəz” “Qarabağ”la sınaq matçından 1:5 hesablı məğlubiyyətlə ayrılıb.

Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün qış fasiləsinə 11 xalla 9-cu sırada yollanıb. Azər Bağırovun rəhbərlik etdiyi komanda 18 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb. Top fərqi də ürəkaçan deyil – 12:41.

Seçilən
12
7
arena.az

10Mənbələr