Sosial medianın gücü ilə bizim ən dərin hisslərimizi çatdırmaq üçün vaxt və söz sərf etməyimizə ehtiyac qalmır. Sadəcə, bir emoji ilə gözlənilən cavabları alırıq. Bu, bir tərəfdən həyatımızı asanlaşdırsa da, digər tərəfdən, dilimizin zənginliyinə vurulan ciddi zərbə olaraq qalır. Şəkillər və simvollar bizim kommunikasiya üsullarımızı daha sürətli və vizual hala gətirərkən, sözlərimizin təsir gücünü, dərinliyini və incəliyini də zəiflədir.
Facebook, Twitter və Instagram kimi platformalarda yazılan mesajlar əksər hallarda çox qısa olur. İnsanlar fikirlərini az sözlərlə, bəzən isə tamamilə şəkillərlə ifadə etməyə çalışırlar. Təsəvvür edin, bir "like" ilə təsdiq, bir "dislike" ilə tənqid ifadə olunur. Sözlərin yerini şəkillər və simvollar alıb. Gənclər artıq hisslərini izah etmək üçün mürəkkəb cümlələr qurmaq əvəzinə bir neçə simvolla kifayətlənirlər. Bu isə söz ehtiyatının zəifləməsinə səbəb olur.
Azərbaycan dili, tarix boyu böyük söz ustadlarının əsərləri ilə zənginləşib. Füzulidən, Sabirdən, Vahabzadədən gələn dilimiz özündə dərin mənalar daşıyır. Amma bu gün sadələşmiş ünsiyyət tərzimizlə bu zənginliyi qoruya bilirikmi? Əksər gənclər bədii ifadələrdən qaçır. Onlar üçün "gözəllik" sözü ilə "super" eyni mənadadır. Lakin "super" deyəndə hisslərimizi tam ifadə edə bilirikmi? Dilin zənginliyini itirdikcə, hisslərimizi izah etməkdə də çətinlik çəkirik. Çünki sözlər yalnız ünsiyyət vasitəsi deyil, həm də düşüncələrimizin formasını yaradır.
Sosial mediada insanlar daha çox diqqət çəkmək üçün vizuallığa üstünlük verir. Yazılı ifadələrə isə minimum yer ayrılır. Hisslər emojilər, düşüncələr isə trend sözlərlə çatdırılır. Bu tendensiya təkcə bizim dilimizdə deyil, digər dillərdə də müşahidə olunur. Lakin bizim üçün bu problem daha ağrılıdır, çünki Azərbaycan dili onsuz da qlobal miqyasda az danışılan dillərdən biridir. Bir tərəfdən, beynəlxalq dillərin nüfuzu, dilin istifadəsini təhrik edir, digər tərəfdən, öz dilimizə olan məsuliyyət hissi tədricən zəifləyir.
Bir vaxtlar məktəblərdə inşa yazı müsabiqələri keçirilirdi. Şagirdlər bədii ədəbiyyatdan sitatlar gətirir, maraqlı mövzular üzərində çalışırdılar. İndi isə belə yarışmalar demək olar ki, yoxdur. Gənclər dilə maraq göstərmək əvəzinə sosial mediada saatlarla video izləyir, trendləri təkrarlayır. Bu dəyişiklik həm də təhsil sistemimizin bəzi istiqamətlərində əksini tapıb. Oxuma və yazma vərdişlərinin zəifləməsi, gənclər arasında əslində, sözə, dilə verilən qiymətin azaldığını göstərir.
Ədəbiyyat müəllimləri tez-tez şikayətlənir ki, gənclər nəinki klassik yazıçıların, hətta müasir ədiblərin əsərlərinə maraq göstərmir. Kitabxanalar boşalıb, əvəzində telefonlarımız virtual dünyaya qapılar açıb. Halbuki, dilin zənginliyini qorumaq üçün gənc nəslin oxumaq vərdişi inkişaf etdirilməlidir. Oxumayan insan nə danışığı, nə də yazı tərzini təkmilləşdirə bilər. Gənclər artıq yalnız kitabı deyil, hər şeyin ən qısa və vizual formasını istəyirlər.
Dil yalnız sözlərdən ibarət deyil; o, həm də mədəniyyətin daşıyıcısıdır. Dədə Qorqud dastanlarından, Füzuli qəzəllərindən keçib gələn bu zəngin irs indi gənclərin diqqətindən kənarda qalır. Onlar üçün dil təkcə bir ünsiyyət vasitəsi kimi mövcuddur. Halbuki dil insanın ruhunun, daxili dünyasının aynasıdır. Sözlər kasadlaşdıqca, insanlar arasında ünsiyyət də sığallaşır, düşüncələr dayazlaşır. Hisslərin vizuallaşdırılması və qısa ifadələrlə çatdırılması, çox zaman onları dərinlikdən məhrum edir.
Dilimizin zənginliyini qorumaq üçün ilk addım yenidən oxumaq və yazmaq vərdişini dirçəltməkdir. Gəncləri qınamaq əvəzinə onları təşviq etmək daha düzgün yoldur. Məsələn, məktəblərdə yazı müsabiqələri, bədii şeir gecələri təşkil edilməlidir. Müasir texnologiyanın imkanlarından istifadə edərək ədəbiyyatımıza maraq oyatmaq olar. Sosial mediada bədii mətnlər, kiçik hekayələr paylaşmaq, gənclərin diqqətini dilin gözəlliklərinə yönəltmək mümkündür. Valideynlər də bu məsələdə əsas rol oynayır. Ailə mühitində uşaqlar kitab oxumağa alışdırılmalı, onlara dilin önəmi aşılanmalıdır. Ekran qarşısında keçirdiyimiz saatlar isə, bəlkə də, bu vəzifəni daha vacib edir.
Əgər bir uşaq ailəsində kitab görmürsə, böyüdükcə onun dilə marağı daha da azalacaq. Valideynlər özləri oxuduqları kitabları uşaqları ilə müzakirə etməli, onları fikirlərini bölüşməyə təşviq etməlidir. Sosial mediada isə biz dilin zənginliyini qorumağa yönəlmiş layihələr həyata keçirə bilərik. Məsələn, gəncləri maraqlandıran mövzularda yazılar yazmaq, qısa videolar çəkərək dilin gözəlliklərini nümayiş etdirmək olar. Dil və mədəniyyətin kəsişməsində dayanan bu layihələr, yenə də gənclərin düşüncələrini gücləndirə bilər.
Unutmayaq ki, texnologiya dilimizi məhv edə bildiyi kimi, onu inkişaf etdirmək üçün də vasitə ola bilər. Həm də hər kəs bu yolu seçməlidir. Dilimiz yalnız yazılı və şifahi söhbətlərdə deyil, həm də sosial şəbəkələrdəki davranışlarımızda da ortaya çıxır.
Nəticədə, dilimizin zənginliyi bizim kimliyimizdir. Onu itirmək, köklərimizi itirmək deməkdir. Gəlin, gənclərimizi bu mənbəyə yaxınlaşdıraq, onlara dilin dərinliyini, gözəlliyini dərk etdirməyə çalışaq. Axı biz yalnız sözlərlə danışmırıq, biz sözlərlə yaşayırıq. Sözlərin sönməsi, həyatımızın rəngini itirməsi deməkdir. Dilimizi yaşatmaqla, həm də öz mədəniyyətimizi qoruyuruq. Bu gün hər birimizin borcudur ki, sözləri itirməkdən qorunaq və onları gələcək nəsillərə ötürək.
Qiymət Mahir