Ağsuda hərbi xidmətə çağırılan şəxs özünə ülgüclə xəsarət yetirib. Buna səbəb isə hərbi xidmətə getmək istəməməsi olub.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, 18 yaşlı Elvin Abbasov 2024-cü ilin aprel ayında hərbi xidmətə çağırılıb.
Lakin Abbasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə getməyib. Evdə ülgüclə qolunu kəsib. Xidmətdən zəng gələn zaman “apara bilirsinizsə, belə aparın” deyib.
Elvinin atası külli miqdarda narkotik vasitə dövriyyəsində ittiham olunaraq həbs edilib. O, atasının həbsindən sonra sinəsinə “ATA” döyməsi yazdırıb ki, atasını xatırlasın. Həm də buna görə əsgər aparılmaması ehtimalı olub. Hərbi həkim komissiyasından keçərkən sinəsindəki döyməyə görə onu psixonevroloji dispanserə göndəriblər. Yoxlanışdan sonra hərbi xidmətə yararlı olduğu müəyyən edilib.
Növbəti dəfə onurğasındakı problemə görə müayinədən keçib. Bu dəfə də onun hərbi xidmətə yararlı olması ilə bağlı rəy verilib. Amma Elvin hərbi xidmətə yollanmaq istəməyib.
Bunu belə izah edib ki, atası həbsdə olduğu üçün ailəsini başsız qoymaq istəməyib:
“Ailəmdən uzun müddət ayrı qalacağımı fikirləşdim. Ailə üzvlərim mənim əsgər getməyimə görə ağlayırdılar. Evdəkilərin başsız qalacağını fikirləşdim. Onlara bağlı olduğum üçün ülgüclə sol qolumu dəfələrlə kəsdim. Qolumu kəsəndən sonra səfərbərliyə dedim ki, apara biləcəklərsə, gəlsinlər”.