AZ

AFFA inkişaf strategiyasının layihəsini açıqladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nəhayət ki, yeni inkişaf strategiyasının layihəsini ictimaiyyətə açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qurum tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanarkən ictimaiyyətə müraciət olunub və rəylər toplanıb.

“Son olaraq strategiyanın layihəsinə rəy və təkliflərinizi 2025-ci il yanvarın 13-ü, saat 12:00-a qədər bildirə bilərsiniz. Təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq. Təkliflərinizi göstərilən tarixə qədər aşağıda qeyd olunan link və ya e-mail ([email protected]) vasitələri ilə bildirə bilərsiniz”, – deyə paylaşımda qeyd olunub.

Artıq qurumun inkişaf strategiyasının əsas hədəfləri bəllidir. Belə ki, kişilərdən ibarət əsas milli komandamızın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət yığmanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindən hesab edilib.

UEFA-nın klub reytinqində (kişilər) ilk “20-liy”ə, qadın komandaları üçün isə ilk “40-lığ”a daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub.

Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycanın yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq.

Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyi təmin ediləcək.

Bundan əlavə, Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq əsas hədəflərdən biridir.

Qeyd edək ki, AFFA-nın inkişaf strategiyasının layihəsi qurumun rəsmi saytında yerləşdirilib. Həmin layihə ilə bu linkə keçid etməklə tanış ola bilərsiniz.

Seçilən
23
12
arena.az

10Mənbələr