AZ

Vaxt gəlib ki...

Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər

Bu günlərdə yerli televiziya kanallarına geniş müsahibə verən Prezident İlham Əliyev diqqəti Azərbaycanın ardıcıllıqla həyata keçirdiyi uğurlu siyasətin prioritet məsələlərinə çəkib. İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə müstəqil Azərbaycanın gündəliyinin əsas məsələsi ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq artıq bu hədəflərimizə çatmışıq.

Yeni mərhələdə qarşımızda dayanan əsas hədəflərdən biri isə soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli qayıdışının təmin edilməsinə nail olmaqdır. Hazırda bu məsələ cəmiyyətimizi səfərbər edən əsas ümummilli ideyaya çevrilib. “...Vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

XX əsrdə böyük fəsadlara gətirib çıxaran amansız deportasiyalar

Bu gün mətbuatda, ictimai müzakirələrdə təxminən 300 min soydaşımızın tarixi yurd yerlərinə - Qərbi Azərbaycana qayıdış hüququndan bəhs olunur. Ancaq müsahibədə də bildirldiyi kimi,  bütövlükdə bəhs olunan coğrafiyadan qovulmuş və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların,  onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Həmin insanlar XX əsrdə böyük fəsadlara gətirib çıxaran amansız deportasiyalar nəticəsində öz yurd-yuvalarından çıxarılıblar. Onlar 1918, 1920-1921, 1948-1953 və 1987-1991-ci illərdə olmaqla doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. O cümlədən 1920-ci ilin noyabrında Qərbi Zəngəzur keçmiş ittifaqın məkrli uzaq planlarına uyğun olaraq Azərbaycandan zorla qoparılıb və Ermənistana birləşdirilib.  Bundan iki il əvvəl isə Azərbaycan Xalq Cümhuriyyəti tarixi şəhərimiz olan İrəvanı, necə deyərlər, Ermənistana bağışlayıb. Bir çoxları bu addımın ermənilərin ərazi iddialarının qarşısını almaq məqsədilə atıldığını bildirirlər. Ancaq tarix bu yanaşmanın səhv olduğunu təsdiqlədi. Təsadüfi deyildir ki, İrəvanın Ermənistana peşkəş edilməsi heç nəyi dəyişmədi və cəmi iki ildən sonra ermənilər Qərbi Zəngəzuru da Azərbaycandan qoparmağa nail oldular. Sonuncu deportasiyayadək indiki Ermənistan ərazisində 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə soydaşlarımız məskunlaşmışdılar . Onların hamısı cəmi 3 il ərzində yurd yerlərindən  zorla çıxarıldı. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Ən acınacaqlı cəhətlərdən biri də ondan ibarətdir ki, Qərbi Azərbaycanda dağlıq zonada yaşamağa öyrəşmiş soydaşlarımızın yeni yaşayış ünvanları kimi bir qayda olaraq aran bölgələri seçilib ki, bu da adaptasiyanın çox ağır keçməsi ilə nəticələnib.

Eyni zamanda, Qarabağda da xalqımıza qarşı cinayətlər törədilib. Yüz minlərə insanın taleyinə bu şəkildə qərar verilməsi humanizm dəyərlərinin tamam unudulması anlamına gəlir. Ermənistanın ilk üç prezidentinin soydaşlarımıza münasibəti faşist ideologiyasına əsaslanıb. Bir neçə gün bundan əvvəl mətbuatda Ermənistanın birinci prezidentinin açıqlamaları yayıldı. İndiyədək özünü “demokrat” imicində təqdim etməyə çalışan Petrosyan etnik təmizləmə, azərbaycanlıların yurd yerlərindən vəhşicəsinə qovulması ilə öyünür. Bütün bunları, o cümlədən də Xocalı soyqırımını göz önündə canlandırdıqda  üzləşdiyimiz  faciələrin miqyası barədə konkret təsəvvür yaranır. Biz qan yaddaşımıza yazılan tariximizdən ibrət götürməli və haqq mübarizəmizi axıradək davam etdirməliyik.

Soydaşlarımızın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququ

Soydaşlarımızın tarixi yurd yerlərinə qayıdışı məsələsinin banisi Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı hələ 10 il bundan əvvəl bu çağırışı ölkənin siyasi gündəliyinə gətirməyə nail olub. Belə ki, Onun tövsiyələri əsasında  Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılıb, həmçinin tarixi xəritələr çap olunub, Qərbi azərbaycanlıların məskunlaşma tarixi, onların məişəti, həyat tərzi geniş şəkildə işıqlandırılıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra isə bu istiqamətdə fəaliyyətin fəal mərhələsinə start verilib.

Soydaşlarımızın qayıdış hüququ ilk növbədə tarixi ədalətə əsaslanır.  Arxivlərdə XX yüzilliyin əvvəllərində çap edilmiş xəritələr var. Həmin xəritələrdən aydın şəkildə görünür ki, zamanında indiki Ermənistanın ərazisindəki yaşayış məntəqələrinin əksəriyyətinin adı Azərbaycan mənşəli olub. Sonradan məqsədyönlü siyasət aparılıb, toponimlərimiz eybəcər erməni adları ilə əvəzlənib. Prezident İlham Əliyev “Sevan gölü”nü nümunə gətirib. Tarixi xəritələrdə belə bir ada rast gəlinmir, sututarın adı “Göyçə gölü” kimi göstərilir. Biz yuxarıda Ermənistanın birinci prezidentinin faşist ruhlu açıqlamalarından bəhs etdik. O da etiraf edib ki, indiki Ermənistanın bir çox regionlarında azərbaycanlılar əksəriyyət təşkil ediblər. İndi zaman gəlib ki, tarixi ədalət bərpa olunsun.  Ermənistan rəhbərliyi bu məsələdə öz məsuliyyətini anlamalı və soydaşlarımızın ləyaqətli şəkildə geri dönüşünə şərait yaratmalıdır. Bu, onların haqqıdır. Təəssüf doğuran haldır ki, N.Paşinyan və onun komandasında yer alanlar  bu məsələni Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları kontekstində təqdim etməyə çalışırlar. Halbuki, ölkəmizin belə bir niyyəti yoxdur. Söhbət insan haqları məsələsindən gedir. “Mən hesab edirəm, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Eyni zamanda, insanların qayıdış hüququ beynəlxalq konvensiyalarda da təsbit olunub. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququ zamanında doğma yurd yerlərindən zorla qovulmuş azərbaycanlılara da şamil olunmalıdır.

Beynəlxalq arenada səmərəli fəaliyyət

Qərbi Azərbaycan İcmasının ardıcıl fəaliyyəti nəticəsində soydaşlarımızın tarixi torpaqlarına qayıdışı məsələsinin beynəlxalq gündəliyə çıxarılması mühüm hadisədir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin verdiyi məlumata əsasən, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın 220-dən çox bəyanatı qəbul edilib. Bu gün Qərbi Azərbaycan İcmasının yeddi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 2024-cü il dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. Bütövlükdə, 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycanın 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bütün bunlar onu deməyə əsas verir ki, biz Qərbi Azərbaycana qayıdışa doğru inamla irəliləyirik və hədəfimizə çatacağıq. Prezident İlham Əliyev müsahibəsində beynəlxalq təşkilatlara da çağırış edib. ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. “Bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz ABDULLAYEV

Seçilən
7
yeniazerbaycan.com

1Mənbələr