AZ

Avropanı bürüyən böhranlar

Bir vaxtlar özünü bütün dünyaya nümunə kimi təqdim edən Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrdə ziddiyyətli proseslər müşahidə edilməkdədir. Aİ-nin cəlbediciliyi sürətlə azalır, mərkəzdənqaçma meylləri güclənir. Eyni bir çətir altında birləşən ölkələr arasında qarşıdurmalar artıb. Aparıcı dövlətlərdə də vəziyyət hər ötən gün çətinləşir, hökumətlər üst-üstə qalanan problemlərin öhdəsindən gəlməkdə açiz görünürlər.  Nüfuzlu reytinq agentliklərinin hesabatlarında da ardıcıl olaraq Avropanı bürüyən böhranlardan məyusluq  ifadə olunur. Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu gün “qoca qitə”də iqtisadi və siyasi böhran paralel şəkildə gedir və əslində, bir-birindən qaynaqlanır.

İqtisadi problemlər artır

İqtisadiyyat hər bir ölkə üçün lokomativ qismində çıxış edir. Alınan məlumatlardan aydın şəkildə görünür ki, hazırda Avropa iqtisadi problemər məngənəsindədir. Aparılan müstəqil sorğuya əsasən, Avrozonada investorların inam indeksi bir ildən çoxdur ki, aşağı olaraq qalır. Ötən ilin dekabrında mənfi 17,5 olan investorların inam indeksi cari ilin yanvarında azalaraq 17,17 olub. Beləliklə, indeks 2023-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Cari vəziyyət indeksi isə mənfi 28,5-dən mənfi 29,5-ə geriləyərək 2022-ci ilin oktyabrından bu vaxtadək ən aşağı səviyyəyə çatıb.

Aparıcı ölkələrdə yaranan durum həyəcan təbili çalmağa əsas verir. Fransada vəziyyət xüsusilə ağırdır. Məhz artan iqtisadi problemlərə görə Mişel Barnye hökumətinin ömrü qısa oldu. Məcburiyyət qarşısında qalan Makron  mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri 73 yaşlı Fransua Bayrunu Fransanın yeni Baş naziri təyin edib. Ancaq yeni Baş nazirin də ölkəni uğursuzluq zolağından çıxaracağına inam çox azdır. Fransanın Sosial Sorğu və Marketinq İnstitutunun (İFOP) keçirdiyi sosial sorğunun nəticələrinə görə fransızların yalnız 36 faizi Fransua Bayrunun yeni Baş nazir təyin edilməsindən məmnundur.

İş o yerə çatıb ki, yeni hökumət də 2025-ci ilin büdcəsinin təsdiqlənməsinə nail olmayıb.  Ölkənin 2025-ci il üçün büdcəsinin ən yaxşı halda  gələn ayın sonlarında qəbul edilə biləcəyi ehtimal olunur. Fransanın İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik Nazirliyi nəzdində ictimai hesablar üzrə məsul nazir Ameli de Monşalen bu barədə “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Büdcənin təsdiq edilməməsi iqtisadi qeyri-müəyyənliyə səbəb olur. Vaxt daralır və büdcə martın əvvəlinədək qəbul edilməlidir”, - deyə Ameli de Monşalen bildirib. O, həmçinin əlavə edib ki, hökumət 2025-ci il büdcəsinin kəsirini 5 faiz səviyyəsində saxlamaq istəyir.

Yeni hökumət başçısı Fransua Bayru ölkənin üzləşdiyi maliyyə problemlərinin həllini özünün əsas prioriteti adlandırıb. Hazırda Fransanın dövlət borcu 3,3 trilyon avronu ötüb ki, bu da ümumi daxili məhsulun 113,7 faizinə bərabərdir.

Fransa hökumət böhranı ilə paralel şəkildə, həm də etirazlar dalğası ilə çalxalanır. Fransanın Kənd Koordinasiyası (Coordination rurale) təşkilatı tətbiq edilən standartlara, eləcə də Avropa İttifaqı ilə Merkosur ölkələri arasında nəzərdə tutulan azad ticarət müqaviləsinə etiraz məqsədilə tədbirlər görməyə çağırış edib. Kənd Koordinasiyasının (CR) X sosial şəbəkə hesabında yayımlanan məlumatda qeyd edilib ki,  onlarla fermer “ilbiz əməliyyatı” çərçivəsində Paris istiqamətinə yola düşüb. Kənd təsərrüfatı həmkarlar ittifaqlarının məlumatına əsasən, Burqundiya və Franş-Komtda (Franche-Compte) yürüş keçirilib. Fermerlər Merkosur ilə təklif olunan azad ticarət müqaviləsi ilə bağlı narahatlıqlarını bildirirlər. Traktor karvanı Lionun kənarındakı A7 avtomobil yolunu bağlayıb.

Kənd Koordinasiyasına görə, fermerlərin nümayişləri üç, dörd və ya beş gün davam edə bilər. Son günlərdə Kənd Koordinasiyası əsas tələblərini, eləcə də Fransada Avropa qaydalarının həddən artıq tətbiqini dayandırmaq və fermalarda deyil, idxal üzərində nəzarətin həyata keçirilməsini tələb edir. Fermerlər, həmçinin ədalətsiz rəqabəti təşviq etməkdə ittiham olunan Aİ ilə Merkosur arasındakı azad ticarət müqaviləsinin yekun ratifikasiyasının əleyhinədirlər.

“Qoca qitə”nin ümid yeri sayılan Almaniyaya inam azalır

Bu gün Avropanın ümid yeri kimi baxdığı Almaniyada da iqtisadi inkişaf templəri zəifləyib. Vəziyyətin son dərəcə ciddi olduğu rəsmi səviyyədə etiraf olunur.  Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı çıxışında şirkətlərin çətin vəziyyətə düşdüyü və iş yerlərinin risk altında olduğu iqtisadi qeyri-müəyyənlikdən bəhs edib və bu baxımdan növbəti federal hökumətin qarşısında böyük vəzifələr durduğunu bildirib.

Eyni zamanda, aparılan rəy sorğularında, ekspert dəyərləndirmələrində iqtisadi geriləmə prosesinin sürətləndiyinə diqqət çəkilir. “Almaniya iqtisadiyyatı dərin böhran içindədir və yeni il üçün perspektivlər qaranlıqdır”. “Bild” qəzetinin məlumatına görə, bu, Kölndəki Alman İqtisadiyyat İnstitutunun (IW) sənaye müəssisələrinin təmsilçiləri arasında apardığı sorğunun nəticələrində əksini tapıb.

Ötən illə müqayisədə 49 biznes birliyindən 31-i mövcud vəziyyəti daha ağır olaraq dəyərləndirib. Vəziyyətin belə olmasının səbəbi kimi enerji, işçi qüvvəsi və xammal üçün yüksək xərclərlə yanaşı, Almaniyada bürokratiya və siyasi xaosun investisiya qoyuluşunu və rəqabətin qarşısını aldığı da göstərilib.

Sorğuda iştirak edən 49 sənaye müəssisəsindən 20-si 2025-ci ildə istehsal həcminin azalacağını proqnozlaşdırıb. Dörd assosiasiya - tökmə zavodları, polad və metal emalı, plastik emalı və poliqrafiya sənayesi dərin tənəzzülə hazırlaşdıqlarını açıqlayıb. Alman İqtisadiyyat İnstitutunun tədqiqatçıları tənəzzülün maşınqayırma, keramika, şüşə, ağac emalı, tekstil, qida və mədən sənayelərində də davam etdiyini bildiriblər.

Ölkədə demoqrafik vəziyyət də pisləşməkdədir.  Almaniya hökumətinin açıqladığı “Yaşlanma hesabatı”na əsasən, yaşı 80-dən çox olan əhalinin sayının 6 milyon nəfərdən 2050-ci ilədək 8-10 milyon nəfərə çatacağı gözlənilir.  Verilən məlumatlara görə, əhalinin yaşlanması ilə birlikdə qayğıya ehtiyacı olanların sayının da artacağı bildirilir. Bu qəbildən olan şəxslərin sayının 2055-ci ilədək 7,6 milyon nəfərə çatacağı ehtimal edilir.

Hesabatda yaşlıların həyat şəraiti, maddi imkanları, sahib olduqları əmlak, tibbi xidmətlərin əlçatanlığı və yoxsulluq səviyyəsi də nəzərə alınıb. Yaşı 65-dən çox olan əhalinin 17-19 faizinin yoxsulluq təhdidi altında olduğu ehtimal edilir.

Sağçılar önə keçirlər

İqtisadi geriləmələr və digər problemlər fonunda sağçı təmayüllərin önə çıxması da bugünkü Avropanın kədərli reallığıdır. Belə vəziyyət əsasən Avropa İttifaqı sakinlərinin Brüsselin mövcud miqrasiya siyasətindən narazılığı, Şərqi Avropadakı müharibədən yorğunluq, eləcə də mərkəzçilərin artan iqtisadi çətinliklərin öhdəsindən gələ bilməməsi ilə bağlıdır.

2022-ci ildən bəri Avropada sağçı və ifrat sağçı partiyalar müxtəlif seçkilərdə əhəmiyyətli uğurlar qazanıblar. Məsələn, Niderlandda 2023-cü ildə Geert Vildersin “Azadlıq Partiyası” qalib gəlib. Sağçıların ən son uğur nümunəsi Avstriyadır. Burada 2024-cü ildə ifrat sağçı “Avstriya Azadlıq Partiyası” (FPO) parlament seçkilərində tarixi qələbə qazanaraq ilk dəfə birinci yeri tutub və 29,2 faiz səs toplayıb. Nəticədə, 2025-ci il yanvarın 6-da Avstriya Prezidenti Aleksandr Van der Bellen FPO lideri Herbert Kiklyuya yeni hökumətin formalaşdırılmasını tapşırıb.

2024-cü ildə Fransada Avropa Parlamentinə seçkilərdə Marin Le Penin “Milli Birlik” Partiyası güclü nəticə göstərərək ikinci yeri tutub və əhəmiyyətli sayda yer qazanıb. Bundan sonra Fransada iki mərhələdə baş tutan növbədənkənar parlament seçkilərində “Milli Birlik” solçular koalisiyası və Makronun mərkəzçilərindən sonra üçüncü yeri tutub.

Almaniyada da sağçılar revanş götürüblər.  Ölkədə aparılan sorğular göstərir ki, “Almaniya üçün alternativ” Partiyası son iki il ərzində tərəfdarlarının sayını 10 faizdən 22 faizə yüksəldib. Sözügedən partiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniyanın Türingiya vilayətinin parlamentində ən böyük qüvvəyə çevrilib. Almaniyanın şərqindəki Saksoniya federal əyalətində də Landtaqa seçkilərdə  ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 30,6 faiz, Sara Vaqenknext İttifaqı (BSW) - 11,8 faiz, Sol Partiya - 4,5 faiz səs toplayıb.

Vəziyyətin bu şəkildə davam etməsi Avropa dövlətləri üçün qarşıya yeni çağırışlar çıxarır. Böhran dalğasının genişlənməsi  mövcud siyasi hakimiyyətlər və hökumətlər üçün yaxşı heç nə vəd etmir. Əsas sual isə belədir: İfrat sağçıların önə keçməsi ilə Avropa hara gedir?

Mübariz FEYİZLİ

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr