Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodunun məhsulları işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında istifadə olunur. Ağdam rayonunun Xıdırlı kəndinin tikintisi üçün 2500 kvadratmetr, Sənaye Parkındakı qazobeton blok istehsalı zavodunun inşası üçün isə 850 kvadratmetr dam örtüyü verilib.
FED.az xəbər verir ki, bunu Ağdamda MMC-nin direktoru Arif Ataşov deyib.
O bildirib ki, dam örtükləri istehsalı zavodu ildə 1,4 milyon kvadratmetr profilli təbəqələr, 1 milyon kvadratmetr metalkirəmit lövhələr, 1 milyon kvadratmetr sendviç panellər, habelə 2 min ton dam aksesuarı istehsalı gücünə malikdir. Müəssisədə məhsul buraxılışı İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Hazırda zavodda 15 nəfər işlə təmin olunub. İlin ikinci yarısında yeni istehsal xətti qurulandan sonra işçilərin sayı 45 nəfərə çatdırılacaq. İşə qəbul zamanı yerli sakinlərə üstünlük verilir.
Qeyd edək ki, MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.(Azərtac)