“2025-ci il ərzində iqtisadi gözləntilər haqda fikir söyləmək lazım gələrsə keçən ilin yekunlarına nəzər salmalıyıq. 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 113 milyard 282 milyon 400 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1faiz səviyyədə çox demək idi. 11 ay ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz qeyri neft-qaz sektorunda isə 6.4 faiz artıb".
Bu fikirləri Hafta.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, həmin müddətdə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1 faiz, qeyri-qida məhsulları üzrə 1,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,8 faiz təşkil edib: "Xatırladım ki, 2023-cü ilin yekununa görə ölkədə ÜDM cəmi 1,1 faiz, o cümlədən qeyri-neft-qaz ÜDM-i 3,7 faiz artmış, istehlak qiymətləri indeksi 8,8 faiz təşkil edib. 2022-ci ildə iqtisadi artım 4,6 faiz, inflyasiya isə 13,9 faiz təşkil etsə də, bu rəqəmlər 2023-cü ilin iqtisadi yekunlarının müsbət tərəflərinə kölgə salmadı. Çünki həmin ildə ölkədə istehlak qiymətləri indeksində azalma meyli müşahidə edildi ki, bu da iqtisadi sabitliyin təmin olunmasında vacib rol oynadı".
Ekspert vurğulayıb ki, 2024-cü il üçün gözləntilər daha çox sabit bir makroiqtisadi mühitin yaranmasına yönəlmişdi: "Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi bahalaşmanın və kəskin inflyasiyanın baş verməyəcəyi, neftin qiymətinin sabit qalacağı kimi faktorlar il ərzində iqtisadi artım üçün əlverişli şərait yaratdı.Təbii ki, 2024-cü ildə inflyasiyanın aşağı səviyyədə qalması ən mühüm amillərdən biri idi. Hər hansı sahədə kəskin ucuzlaşma olmasa da, qiymətlərin sabit qalması və istehlak bazarının stabilliyi iqtisadi artım üçün mühit yaratdı. Bu tendensiyalar 2025-ci ildə də iqtisadi inkişaf üçün böyük ümidlər yaradır. Belə ki, bu il ərzində də inflyasiyanın ciddi tempdə yüksək olmayacağı, iqtisadi artımın davamlı xarakter daşıyacağı, makroiqtisadi dayanıqlığın qorunub saxlanacağı, ümumiyyətlə, heç bir kənar şok təsir və təzyiqlərin ortaya çıxmayacağı əsas gözlənilənənlər sırasındadır”.
Heydərov onu da deyib ki, 2025-ci il üçün iqtisadi gözləntilər həm ölkə daxilində, həm də qlobal miqyasda baş verəcək proseslərdən asılıdır:
“Qlobal inflyasiya və neftin qiyməti bu zaman ən mühüm əhəmiyyət kəsb edəcək. Bunun üçünsə Rusiya-Ukrayna müharibəsi başda olmaqla bir sıra geosiyası münaqişələr səngisə daha yaxşı nəticələr əldə olunardı. Yeri gəlmişkən, 2025-ci il ərzində ölkəmizin iqtisadiyyatında qeyri-neft sektoru üzrə proqnozlaşdırılandan daha yüksək inkişaf sürəti əldə olunmalıdır. Bu, əsas məqsəd xarakteri daşımalıdır. Buna isə Qarabağ və Şərqi Zəgəzurda görülən işlər, həmçinin ölkədə yaşıl enerjinin inkişafı sahəsində görüləcək işlər xüsusi rəvac verməlidir. Bu baxımdan, 2025-ci ildə də iqtisadi artımın davamlılığına, makroiqtisadi sabitliyin qorunub saxlanılacağına ümidlər böyükdür”.