AZ

Ermənistanın Avropa İttifaqının üzvü olmaq istəyi Azərbaycan hakimiyyətini niyə narahat edir?

Cəmil Həsənli
Milli Şuranın sədri

İki gün əvvəl Ermənistan höküməti "Ermənistan Respublikasının Avropa İttifaqına üzvlülk prosesinə başlanması” haqqında qanun layihəsini bəyənərək parlamentin müzakirəsinə təqdim edib. 

Nədənsə Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı Rusiya və Azərbaycanın  informasiya vasitələri həşir qaldırıb.  

Hətta London Yüksək Məhkəməsi tərəfindən 63 milyon funt dəyərində əmlakına həbs qoyulan deputat Cavanşir Feyziyev bu gün "Qafqazinfo”da yazıb ki, Ermənistan hökümətinin bu qərarı yaxın günlərdə hakimiyyətə gələcək "Donald Trampın mövqeyini gücləndirmək üçün Avropa Birliyi tərəfindən Ermənistan üzərindən Rusiyaya təzyiq göstərmək və faktiki olaraq Rusiyaya qarşı şantaj vasitəsi kimi istifadə oluna bilər… 

Bu o deməkdir ki, Ermənistan növbəti dəfə ənənəvi müttəfiqinə xəyanət edərək AB-ə qoşulmağa və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında fəal rol oynamağa hazırdır”.

Adamdan soruşarlar ki, birincisi, siz Azərbaycan mülki təyyarəsini vurub, vətəndaşlarının ölümünə bais olan  Rusiyaya təzyiq göstərilməsinin əleyhinəsiniz? 

İkincisi, siz hansı səbəbə görə 200 ildən çoxdur Qafqaz xalqlarını əzən, 30 il Qarabağı işğal altında saxlayan Rusiyanın Cənubi Qafqazdan çıxarılmasının narahatçılığını yaşayırsınız? 

Üçüncüsü, Avropa pisdirsə niyə bu ölkədən əyri yollarla çıxardığın mənşəyi şübhəli olan milyonları klassik Avropa paytaxtı olan Londonda yerləşdirmisən?

Hələ bu harasıdır. Görün, Azərbaycan hakimiyyət orqanlarına "yaxınlığı” ilə seçilən "Caliber.az” saytı nə həşir qoparıb. 

"Caliber" dünənki sayında yazır ki, Ermənistan Avropa İttifaqına getsə İran Ermənistanı işğal edəcək. 2023-2024-cü illərdə İranın Yaxın Şərqdə başına gələnlər, Hezbollahın bölgədən çıxarılması, Bəşər Əsədin müsibətini uzun-uzadı "təhlil” etdikdən sonra "Caliber.az" belə qənaətə gəlir ki, "sərhədlərinin ətrafında məğlubiyyətlərlə üzləşən İran öz təhlükəsizliyini şimaldan təmin etməyə çalışır. 

Bu kontekstdə Ermənistanın Qərbin dayaq məntəqəsinə çevrilməsi Tehran üçün narahatlıq mənbəyinə çevrilib.” Caliber.az onu da vurğulayır ki, Azərbaycan müstəqil xarici siyasət aparır və öz ərazisini Qərb dövlətləri üçün poliqona çevirmək niyyətində deyil. 

Əvvəla hansı Qərb ölkəsi Azərbaycan ərazisini poliqona çevirmək istəyir? 

Azərbaycan ərazilərinin 20 faizi rus silahı və Rusiyanın bilavasitə iştirakı ilə işğal olunub, 30 ildən çox Rusiyanın poliqonu olub, 44 günlük müharibədən sonra 4 ilə yaxın Rus ordusu ərazimizdə yerləşməklə  suverenliyimizi məhdudlaşdırıb. 

Soruşmaq gərəkdir niyə Rusiyanın Ermənistandakı hərbi bazasına etiraz etmirsiniz? 

"Caliber.az" öz istək və arzularını "İran Ermənistana ordu yeritməyə hazırdır” başlığı ilə verib. Şübhəsiz ki, bu Ermənistanın Avropaya İttifaqına üzv olmaq qərarının Azərbaycan hakimiyyətində doğurduğu naragatçılığın nəticəsidir. 

Eyni mənzərə APA agentliyinin məlumatlarında da duyulur. APA-nın Moskva müxbiri iki həftə əvvəl vurulmuş Azərbaycan təyyarəsinə Rusiya rəsmilərinin münasibətini öyrənmək əvəzinə qapı-qapı düşüb "Avropa İttifaqında Ermənistanı ancaq ölüm gözləyə bilər” başlıqlı xəbərlər və müsahibələr hazırlayır. 

Məsələn, APA-nın sorğusuna cavab verən Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov bildirib ki, Avropa İttifaqında İrəvan heç kimə lazım deyil və bütün bu vədlər Ermənistanı böyük ehtimalla ölüm gözlədiyi yerə şirnikləndirmək üçün eşşəyin qarşısında çubuqda sallanmış kök kimi istifadə olunur”.

Eyni zamanda APA Moskva müxbirinə istinadən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və Baş nazir Dmitri Medvedevin açıqlamasını yayıb. 

Medvedev deyib ki, Paşinyanın Azərbaycan Prezidentinin son sərt bəyanatlarından sonra Ermənistanın KTMT-yə üzvlüyünü xatırlayacağanı istisna etmir. İndi bildinizmi Zəngəzur ritorikasının yenidən gündəliyə gəlməsi haradan qaynaqlanır? 

Ermənistanın Avropa İttifaqı üzvlüyünə Rusiyanın münasibəti anlaşılandır.  Yerevan Rusiyanın asılılığından qurtarmaq istəyir, öz gələcəyini dünyanın inkişaf etmiş siyasi coğrafiyası ilə bağlamaq istəyir. Əgər Avropa İttifaqında Ermənistanı yalnız ölüm gözləyirsə, qoy bunun dərdini erməni xalqı çəksin. Biz niyə onların əvəzinə narahat olur və Rusiya siyasətinin alətinə çevrilirik. Avropa Birliyinin üzvü olan keçmiş Sovet respublikası kimi  Latviyada minimum əmək haqqı 2025-ci ildə 740 avroya, Estoniyada 860 avroya, Litvada 1038 avroya çatdırılıb. Azərbaycanda isə ötən il 204 dollar həcmində olan bu göstərici 2025-ci ildə yıqqana-yıqqana 234 dollara (yəni 227 avro) çatacaq. Fərq bax budur.
 
Yazı müəllifin "Feysbuk" hesabından götürülüb. 
Seçilən
7
10
arqument.az

10Mənbələr