AZ

Mahir Emreli qol vurdu, “Nürnberq” bir gündə iki qələbə qazandı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu “İnqolştadt”la yoxlama matçının iştirakçısı olub.

Belə ki, cari mövsümün qalan hissəsinə hazırlaşan “Nürnberq” bu gün iki yoxlama oyunu keçirib. Mahir Emrelinin komandası hər iki görüşdə “İnqolştadt”la qarşılaşıb. Nürnberqlilər ilk oyunda 2:1, digər görüşdə isə 3:0 hesabı ilə qalib gəliblər. Emreli ikinci matçda penalti zərbəsindən fərqlənib. O, 20-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Xatırladaq ki, Almaniyanın İkinci Bundesliqasında mübarizə aparan “Nürnberq” mövsümün geridə qalmış hissəsində 17 oyuna topladığı 22 xalla hazırda 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 6 qələbə qazandığı halda 4 heç-heçə edib, 7 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını yanvarın 19-da doğma meydanda “Karlsrue”yə qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 13 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
7
12
arena.az

10Mənbələr