Vəhabi dindar Rəşad Hümbətovun musiqi ilə bağlı açıqlamaları geniş tənqidlərə səbəb olub.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, özünü dindar kimi təqdim edən Rəşad Hümbətovun sosial şəbəkədə yayılan videosu cəmiyyətdə geniş müzakirələrə və sərt reaksiyalara səbəb olub. Hümbətov videoda musiqiyə qulaq asmağın İslam dini baxımından haram olduğunu iddia edib və bunu “əxlaqsızlıq və sapmalara yol açan bir vasitə” kimi qələmə verib. İddia olunub ki, musiqiyə qulaq asan zinakardır, əxlaqsızdır.
Onun çıxışında deyilir: “Musiqiyə qulaq asmaq İslam baxımından haramdır. Musiqi insanın qəlbini öldürür, onu Allahdan uzaq salır. Musiqi əxlaqsızlığa, fahişəliyə və digər sapmalara yol açır”.
Rəşad Hümbətovun bu çıxışı sosial mediada istifadəçilərin kəskin tənqidləri ilə qarşılanıb. Bir çox istifadəçi bu fikirləri “çağdışı, cəhalət dolu və insan azadlıqlarına müdaxilə” kimi qiymətləndirib. Onlar Hümbətovun iddialarının Azərbaycan cəmiyyətinin müasir və tolerant dəyərlərinə uyğun olmadığını vurğulayıblar.
Rəşad Hümbətov adlı din möhtəkirinin bu açıqlamalarını oxucularının mühakiməsinə təqdim edirik. Dinin adından danışan bu cür cahillər Azərbaycan cəmiyyətini özlərinin də anlamadığı bir cəhalət bataqlığına çəkməyə çalışırlar. Bu cür “dindarlar”ı tanımaq və onları ictimai qınaq hədəfinə gətirmək lazımdır.