AZ

"Dənizlərin çirklənməsi insanlar və təbiət üçün böyük təhlükə yaradır" - İradə Həsənova

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında dənizlərin çirklənməsi məsələsinə diqqət çəkərək bu problemin əsasən aşağıdakı sahələrdə yarandığını bildirib:

  1. Dənizin dibini istismar edən qurğuların axıtdığı radioaktiv maddələr;
  2. Dənizin təbii resurslarının artması ilə əmələ gələn çirklənmələr;
  3. Hərbi və hərbi təyinatlı gəmilərin dəniz nəqliyyatı zamanı yaratdığı çirklənmə;
  4. Neft və qaz kəmərlərinin dəniz mühitində yaratdığı çirklənmə;
  5. Çaylar, su axınları və sahildən axıdılan çirkab sularla əlaqəli çirklənmə;
  6. Kimyəvi birləşmələr və ağır metalların dənizlərə qarışması.

İradə Həsənova qeyd etdi ki, dənizlərdəki çirklənmə oksigen çatışmazlığının yaranmasına, həmçinin insan və təbiətə toksiki təsirlərin göstərilməsinə səbəb olur. Dənizlərin ağır metallarla çirklənməsi, xüsusilə civə, qurğuşun və kadmium kimi elementlərlə çirklənməsi ciddi bir problemə çevrilib. Metil-civə birləşmələri, tərkibində civə olan maddələr, canlı aləminin məhvinə yol açır və insanların sinir sisteminə birbaşa təsir edir: 

"İlk dəfə olaraq dənizlərin neftlə çirklənmədən qorumaq üzrə BMT-də 1954-cü ildə dəniz hüquqları üzrə 4 konvensiya qəbul edilmişdir.

  • açıq dəniz haqqında;
  • ərazi dənizi və ona bitişik zona haqqında;
  • kontinental şelf haqqında;
  • balıqçılıq və dənizin canlı resurslarının qorunması haqqında

1973- cü ildə dənizlərin çirklənməsinin qarşısınin alınması məqsədi ilə Londonda Beynəlxalq konfrans keçirildi.Konfransda qəbul edilən  konvensiyada dənizlərin yalnız neftdən deyil,həm də digər zərərli maddələrdən ,həmçinin radioakriv maddələr,o cümlədən gəmilərdən atılan tullantıların qarşısının qismən alınması nəzərdə tutulmuşdur.

Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar. Körfəzə qurğuşun birləşmələri sahildə yerləşən kimya zavodlarından daxil olmuşdur (Tisso kimya kombinatı)/ 1950–1992-ci illərdə Sovet İttifaqı tərəfindən Buzlu Şimal okeanı sularında aktivliyi cəmi 2,5 milyon kyürü olan nüvə tullantıları, 15 reaktor, "Lenin" atom buzqıranının quraşdırılması, 13 qəzaya uğramış sualtı gəmilərin reaktorları basdırılmışdır".

QHT sədri həmçinin bildirib ki, Naxodka adlı Rusiya tankeri Yapon dənizində 1997-ci il yanvarın 2-də fırtına zamanı parçalanıb suyun dibinə batdı, dənizə 5 min ton mazut tökülərək Yaponiyanın baş adası sayılan Xonsyunun sahil ərazisinin böyük hissəsinin çirklənməsinə səbəb oldu: 

"Balıq və digər dəniz məhsullarına olduqca böyük ziyan dəydi, Yaponiyanın mühüm istirahət zonasının çimərlikləri çirklənməyə məruz qaldı. Qeyd etmək lazımdır ki, belə qəzalar hər il dəfələrlə baş verir. Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan yetirir. Hal-hazırda Xəzər dənizinin radioaktiv tullantılardan çirklənmədən qorunması Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan hövzəsinin qorunması istiqamətində möhtərəm Prezidentimizin sərəncamı ilə xüsusi dövlət proqramı qəbul edilmişdir".

İradə Həsənovanın sözlərinə görə, Xəzər dənizini çirkləndirən əsas mənbələr təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsidir:

"Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 km3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Dənizin ən çox çirklənmiş sahələri eyni zamanda ekoloji böhran sahələridir. Belə sahələrə Bakı, Sumqayıt, Mahaçqala, Türkmənbaşı şəhərlərinin akvatoriyaları, istismarda olan dəniz neft yataqları rayonları aid edilir. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbohidrogenləri, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirklənməsində neft karbohidrogenləri böyük rol oynayır".

Dənizlərə atılan plastik materiallar zamanla kiçik hissəciklərə - mikroplastiklərə parçalandığını, bu hissəciklərin kiçik dəniz orqanizmləri tərəfindən qəbul edildiyini və qida zəncirinə daxil olduğunu da qeyd edən QHT sədri bildirib ki, tədqiqatlar göstərir ki, mikroplastiklər dəniz orqanizmlərinin sağlamlığını pozur və zəhərli kimyəvi maddələr ilə zənginləşərək ekosistemi zəhərləyir. Bundan əlavə, mikroplastiklərin dəniz faunasından insan qidasına keçməsi də ciddi narahatlıq yaradır:

"Makroplastik tullantılar (plastik torbalar, şüşələr, balıqçılıq torları və sair) dəniz canlılarının fiziki məhvinə səbəb olur. Üstəlik, plastik tullantılar dəniz dibində toplanaraq flora və faunanın inkişafını çətinləşdirir. Plastik çirklənməsi yalnız canlılara deyil, həm də dəniz mühitinin fiziki və kimyəvi xüsusiyyətlərinə təsir edir. Tullantıların okean axınları ilə hərəkəti nəticəsində bəzi bölgələrdə “plastik adalar” yaranır. Bu adalar okean axınlarını dəyişdirərək dəniz istiliyinə, biokimyəvi proseslərə və canlıların hərəkət istiqamətlərinə təsir göstərir. Azərbaycan, həmçinin Xəzər dənizinin ekosisteminin qorunmasına yönəlmiş proqramda aktiv iştirak edir. Proqram çərçivəsində tullantıların dənizə axmasının qarşısının alınması və çirklənmə səviyyəsinin azaldılması istiqamətində tədbirlər görülür. Dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Xəzər sahillərində çirklənmənin azaldılması üçün təmizləmə aksiyaları təşkil edilir".

 

Pərvanə Fərhadqızı

 

Seçilən
6
qht.az

1Mənbələr