Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Mərkəzi Bank kreditləşməyə dair yeni prudensial tənzimlənmə çərçivəsi qəbul edib. Bu çərçivə davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit təklif etməsini nəzərdə tutur.
Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış modeli əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.
Banco.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, bu yanaşma ilə kreditləşmə sahəsində yeniliklər tətbiq edilsə də, bəzi məhdudiyyətlər də nəzərdə tutulub.
Deputat qeyd edib ki, davranış modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur və onun Azərbaycanda istifadəsi bank sektoru üçün yeni mərhələni ifadə edir. Deputat qeyd edib ki, bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır: Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı?
"Rəsmi gəlirlər, ödəniş tarixi kimi statistik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir.