Suriyanın yeni hökuməti ilə imzalanması planlaşdırılan "Dəniz Yurisdiksiya Sahəsi" ilə bağlı xəbərlər Yunanıstan və Cənubi Kipri hərəkətə keçirib. Qahirədə keçirilən üçlü zirvə toplantısında Misir lideri Əbdülfəttah Sisi ilə görüşən yunan liderlərinin yeganə gündəmi Şərqi Aralıq dənizində razılaşmanın qarşısını almaqdır.
Publika.az xəbər verir ki, Ankara və Qahirənin atdığı son normallaşma addımları Şərqi Aralıq dənizində Türkiyənin məhdudlaşdırılması üçün qurulan "Misir-Yunanıstan-GCASC" üçlü mexanizmini sual altına qoyur.
Yunanıstanın baş naziri Kriyakos Mitsotakisin Qahirəyə səfərini və Şərqi Aralıq dənizindəki üçlü ittifaqın gələcəyini qiymətləndirən təqaüddə olan admiral Cihat Yaycının fikrincə, Türkiyə Suriya və Fələstinlə müqavilə bağlamağa tələsməlidir:
“Yunanıstan və Cənubi Kipr həmişə olduğu kimi Türkiyəyə qarşı cəbhə yaratmaq üçün vaxt itirmədən Misirə gedib. Bu, çox diqqət çəkir. Çünki Yunanıstan və Cənubi Kipr Administrasiyası İsrailin törətdiyi soyqırımı dəstəkləyib. Onlar Cənubi Kipri İsrail üçün logistik dəstək bazasına çeviriblər. Belə bir vəziyyətdə Misirin onlara müraciət etməsi və münasibətləri davam etdirməsi çox maraqlıdır. Türkiyə ilə münasibətlərin yaxşılaşmasından narahat olan Yunanıstan və Kipr, Qahirə ilə əlaqələri yenidən normallaşdırmaq üçün təşəbbüs göstərməyə çalışırlar.
Türkiyənin Suriya və Fələstinlə bağlı dəniz yurisdiksiyasına mane olmaq istəyirlər. Misirin ərəb dünyasındakı nüfuzundan istifadə edərək həm Fələstin, həm də Suriya ilə müqavilə imzalanmasının qarşısını almağa çalışırlar. Belə getsə, “oyunumuz pozulacaq” deyirlər. Ona görə də bütün bu görüşlər, Yunanıstan və Rumların bu təşəbbüsləri göstərir ki, vaxt itirmədən Suriya və Fələstinlə dəniz yurisdiksiyası müqaviləsi bağlamalıyıq. Bu, ən mühüm sübutdur. Bu təşəbbüs Yunanıstanı panikaya salıb. Nəticədə görürük ki, tez hərəkət etmək lazımdır”.