Paris, 13 yanvar, AZƏRTAC
Fransanın ədliyyə naziri Jeral Darmanən diplomatik pasportu olan əlcəzairlilərin ölkəsinə vizasız gəlişinə icazə verən (2013-cü il) müqaviləyə yenidən baxmağa və viza rejimi tətbiq etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, yerli mətbuatın rəsmi Paris ilə Əlcəzair arasında diplomatik gərginliyin artması ilə bağlı sualını cavablandıran ədliyyə naziri J. Darmanən 2013-cü il tarixli Fransa-Əlcəzair hökumətlərarası sazişinin ləğv edilməsini istədiyini bildirib. O qeyd edib ki, daxili işlər naziri B. Rötayonun dediyi kimi, Fransanı alçaltmaq mövqeyi tutan Əlcəzairin qərar qəbul edən bir çox liderlərinə qarşı belə bir tədbir görmək daha səmərəli olar.
Qeyd edək ki, Əlcəzairlə Fransa arasında gərgin olan münasibətlər son günlər influenser Dualem (Doualemn) kimi tanınan 59 yaşlı əlcəzairli Boualem Namanın Monpelyedə həbs edilməsi ilə daha da pisləşib.
Əlcəzair xarici işlər nazirliyi Fransanın "eskalasiya" və "alçaldılma" ittihamlarını rədd edərək, bu (Dualem) qovulmanın "özbaşınalıq və təhqiramiz olduğunu" söyləyib.
“Onlar haqlıdırlar, biz onlara hörmət etməliyik. Amma onlar da bizə hörmət etməlidirlər. Əlcəzair Fransaya hörmət etməlidir, Fransa da Əlcəzairə hörmət etməlidir", - deyə Darmanən əlavə edib. O qeyd edib: “Biz çox kritik bir məqamdayıq və alçaldılmış vəziyyətdəyik. Onların bizi məruz qoymaq istədikləri bu rüsvayçılıq qəbuledilməzdir”.
Bir neçə gün əvvəl sabiq Baş nazir Qabriel Attal isə əlcəzairlilərə Fransada hərəkət, yaşayış və məşğulluq baxımından xüsusi status verən 1968-ci il müqaviləsinin ləğv olunmasını tələb etmişdi. “Bu müqaviləni ləğv edə, ona yenidən baxa bilərik. Bu müqavilə dörd dəfə yenidən nəzərdən keçirilib, eləcə də bir az köhnəlib”,- deyə Darmanin əlavə edib.