AZ

Diplomatiyada qazandığım təcrübə Milli Məclisdə mənə dəstək olur - Yeni deputatla MÜSAHİBƏ

Zaur Şükürov: “Azərbaycan Suriyanın bərpasına mümkün dəstək göstərə bilər”

“Ölkəmiz hansı təşkilata daxil olur və ya sədrlik edirsə, onun fəaliyyətinə mühüm töhfə verir”


“Gənclərimiz ideoloji  təhdidlə bağlı məsələlərdə diqqətli olsunlar”


Sabiq diplomat, Milli Məclisin yeni deputatı Zaur Şükürov Modern.az saytının redaksiyasında qonaq olub. 

Onunla müsahibəni təqdim edirik.


- Zaur müəllim, bir neçə gün öncə Azərbaycan Prezidenti yerli mediaya müsahibə verdi. Müsahibədə həm də Azərbaycanın bütün istiqamətlər üzrə “Yol xəritəsi” də göstərildi. O xəritədə Zəngəzur da görünür. Uzun müddət diplomatik xidmətdə çalışmış deputat bunları necə dəyərləndirir?
 

- Cənab Prezidentin müsahibə və çıxışları həmişə “Yol xəritəsi” xarakteri daşıyır. İstər orada öz əksini tapmış tezislər, ismarışlar, istərsə də bütövlükdə həmin çıxış və müsahibələr gələcək planlarla bağlı mühüm hədəfləri özündə ehtiva edir. Cənab Prezidentin yerli telekanallara son müsahibəsi də bu baxımdan istisna deyil və son dərəcə əhəmiyyətli məsələləri əhatə edirdi. Bu müsahibənin hər abzası üzrə çox geniş müzakirə aparmaq olar.

Müsahibədə həm ölkə iqtisadiyyatı, həm də regional və beynəlxalq məsələlərlə bağlı vacib məqamlara toxunuldu. İqtisadiyyatımız 2024-cü ildə sabit şəkildə inkişaf edib və növbəti illərdə də istər ölkənin sosial-iqtisadi inkişafı, istərsə də Şərqi Zəngəzur, Qarabağa qayıdışla bağlı önəmli addımların atılması nəzərdə tutulur və bu istiqamətdə qarşıda vacib hədəflər durur. Bu il dövlət büdcəmizin xərc istiqaməti 41 milyard manatdan yüksəkdir və bu, müstəqillik dövrünün ən böyük büdcəsi hesab olunur. Cari ildə Şərqi Zəngəzur, Qarabağın bərpası və “Böyük Qayıdış” üçün 4 milyarda yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Ümumilikdə, 2025-ci il ərzində dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard manat vəsait nəzərdə tutulub.

Dövlət başçısıı müsahibəsində ölkə iqtisadiyyatında 4 faizdən çox artım olduğunu, valyuta ehtiyatlarımızın il ərzində təqribən 5 milyard dollardan çox artdığını və bu gün həmin rəqəmin 72 milyard dollara çatdığını bildirdi. Müqayisəli təhlil aparsaq, qeyd edə bilərik ki, əhalisi 10 milyon olan Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarına görə dünyada aparıcı ölkələrin sırasındadır.

Digər mühüm göstərici ümumi daxili məhsulun xarici borca olan nisbətidir ki, bu göstərici üzrə də ölkəmiz liderlər sırasındadır. Belə ki, Azərbaycanın xarici borcu ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Əksər inkişaf etmiş ölkələrin statistikasına nəzər salsaq, bu rəqəmin 100 faizdən də çox olduğunu görərik. 7.2 faiz səviyyə həqiqətən də bu baxımdan çox böyük nəticədir.
Digər bir müqayisə isə valyuta ehtiyatlarımızın xarici borcumuza olan nisbətidir. Valyuta ehtiyatlarımız xarici borcdan 14 dəfə çoxdur. Bu göstərici üzrə də Azərbaycan hətta inkişaf etmiş ölkələr sırasında ön yerdədir.

Builki büdcəmizdə müdafiə və təhlükəsizlik məsələləri də əsas prioritet istiqamətlərdən biri olacaq və bu sahəyə 8,4 milyard manat vəsait xərclənməsi planlaşdırılır. Ölkə başçısının da qeyd etdiyi kimi, bu rəqəm tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistanın silahlanma siyasəti olmasaydı, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 8,4 milyard manat deyil,  4 milyard manat xərcləyə bilərdik, qalan vəsait isə əlavə olaraq Qarabağın bərpasına, digər bölgələrin inkişafına və sosial proqramlara istiqamətləndirərdik.


- Demək ki, Ermənistan hələ də regionda sülhə təhlükə rolunda çıxış edir...


- Məlumdur ki, son dövrlər Fransa, Hindistan kimi dövlətlər Ermənistanın silahlanmasına xüsusi diqqət ayırır. Bu da bölgədə sülh və sabitliyin bərqərar olmasına təhdiddir. Bəzi media resurslarında yer almış məlumata görə, ümumilikdə Ermənistan bu günədək təkcə Hindistandan silah alınması məqsədilə 600 milyon dollar dəyərində razılaşma əldə edib. Bir neçə gün öncə, Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin açıqlamasında qeyd olunurdu ki, bu ölkə təkcə keçən il hərbi-sənaye kompleksi müəssisələri ilə 427 milyon dollardan çox dəyərində vəsait xərcləyib. Həmçinin, bir neçə ay əvvə Hindistanın yerli mətbuatunda yer almış məlumata görə, Ermənistan Hindistandan kiçik həcmli və dağ yerləri üçün nəzərdə tutulmuş hərbi yük təyyarələrin alınmasına da maraq göstərir. Məlumdur ki, Ermənistan və Azərbaycan sərhəd bölgəsi dağlıq ərazilərlə əhatə olunur və bu o deməkdir ki, gələcəkdə Ermənistan təxribat törədəcəyi təqdirdə, bu kimi hərbi hava nəqliyyatı vasitələrindən istifadə etməyi planlaşdırır. Deməli Ermənistanda revanşist əhval-ruhiyyəsi artmaqdadır və bu da sözsüz regionda təhlükəsizliyə təhdid yaradır.

Məlum olduğu ki, bir neçə gün öncə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosiyanın 1993-cü ildə keçirilmiş və “Yerkrapa” hərbi təşkilatının, Müdafiə Nazirliyinin təmsilçilərinin də iştirak etdiyi toplantı zamanı çıxışı işıq üzü gördü. Levon Ter-Petrosiyanın bu çıxışı Ermənistanın faşist, irqçi, işğalçı siyasətini bir daha təsdiq etdi. İclasda Ter-Petrosiyan Azərbaycana qarşı 6 əsrlik planları barədə danışaraq, hədəflərinə çatdıqlarını, azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləməni qürurla, fəxarətlə ifadə edir. Həmin dövrdə müdafiə naziri olmuş Vazgen Sarkisyan iclasda iştirak edənlərə müraciət edərək bildirir ki, Prezidentin çıxışı məxfiləşməlidir, bu çıxış sadəcə iclasda iştirak edən dostları üçündür. Belə ki, Levon Ter-Petrosiyanın çıxışında digər məsələlərlə yanaşı, Ağdamın işğalı faktı qeyd edilib və bu faktlar, ölkənin beynəlxalq imicinə ciddi zərər vura bilər. Bu çıxışlar artıq onu deməyə əsas verir ki, ermənilər öz cinayətkar əməllərini, terrorçu və irqçi siyasətini hər vəchlə gizlətməklə, özlərinin uyduqduqları “yazıq və əzabkeş xalq” imicinin ifşa olunmasından çox ehtiyat edirdilər. Və bu çıxış Ermənistanın bizə məlum olan  yalanlarını bir daha nümayiş etdirir.

Cənab Prezident də müsahibəsində bildirdiyi kimi, bizə qarşı 30 illik işğalçılıq siyasəti  sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Bu faşizmi ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bu xüsusda qeyd edilməlidir ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də bir günlük anti-terror tədbirləri nəticəsində biz öz ərazimizdə separatizmi məhv etdik, terror təhlükəsinə son qoyduq. Cənab Prezident andiçmə mərasimində və Qarabağ Universitetinin açılışı zamanı çıxışlarında qeyd etdi ki, anti-terror tədbirlərinin bir gün və ya 23 saat ərzində davam etməsi qeyd olunsa da, əslində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu bir neçə saat ərzində tamamilə iflic vəziyyətinə salınmış və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar.
 



- Dünyada yeni proseslər müşahidə olunmaqdadır. Diplomat Zaur Şükürovun fikirlərini öyrənə bilərikmi, dünyanı nələr gözləyir?

 

- Biz yeni dünya düzəninin başlanğıcındayıq. ABŞ-ın yeni seçilmiş Prezidentinin Kanada, Qrenlandiya ilə bağlı, habelə digər məsələlərlə dair səsləndirdiyi fikirlər və bu xüsusda ABŞ-ın Avropa İttifaqı və Böyük Britaniya ilə münasibətləri, Yaxın Şərqdəki vəziyyət, habelə Rusiya-Ukrayna müharibəsinin gedişi fonunda dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir. Azərbaycan iqtisadi gücü, liderinin mükəmməl idarəçiliyi, ölkənin beynəlxalq aləmdə artan nüfuzu hesabına yeni dünya düzənində də öz milli maraqlarına uyğun yer tutacağına inanırıq.

Qarşıda duran məqsədlərdən biri də sözsüz ki, Qərbi Azərbaycandan köçkün düşmüş həmvətənlilərimizin öz ata-baba yurduna qayıtması və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Həm Ermənistan, həm onun havadarları anlamalıdılar ki, azərbaycanlılar təhlükəsizlik və ləyaqətli şəkildə Qərbi Azərbaycana və o cümlədən, Qərbi Zəngəzura yerləşənədək bu məsələ gündəlikdən çıxmayacaq. Məlum olduğu kimi, Qərbi Azərbaycan icması bu istiqmətdə lazımi addımlar atmaqdadır və məsələ ilə əlaqədar müxtəlif beynəlxalq platformalar vasitəsi ilə həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Nümunə olaraq qeyd edim ki, 2024-cü il dekabrın 5-6-da Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin müraciəti BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədi kimi yayılmışdır.
 

- Mesajlardan həm də Zəngəzur dəhlizi görünür...
 

- Elədir, cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistan qardaş Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməlidir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstərir və bu məsələnin danışıqlar yolu ilə həll olunmasını gözləyirik. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Ermənistan anlamalıdır ki, Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyat, hərbi güc və dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və Ermənistan bunu unutmamalıdır. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.
 

- Yaxın Şərqdə baş verən hadisələrdə Azərbaycanın yeri və rolu nədən ibarətdir?
 

- Məlum olduğu kimi, Suriyanın müxalif qüvvələrinə rəhbərlik etmiş Əhməd əl-Şaraa Bəşər Əsəd rejiminin süqutuna nail olmuşdur. Rejimin devrilməsi və Bəşər Əsədin Suriyanı tərk etməsi bu ölkədə əmin-amanlığın bərpa olunması baxımından ümidlər yaradır. Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu və vəziyyət sabitləşəndən sonra iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvar olduğumuzu bəyan etmişdir. Bununla yanaşı, Azərbaycan xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə gün öncə Suriyaya səfər edərək, keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşmüşdür. Azərbaycan tərəfi Suriyada xalqın təmsilçilərinin hakimiyyətə gəldiyi hazırkı vacib mərhələdə ölkənin gələcək inkişafı, insanların rifahı üçün Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olmaqla yanaşı, hesab edirəm ki, ölkənin bərpası prosesində, habelə humanitar və diplomatik müstəvidə də yeni hakimiyyətə lazımi dəstək göstərə bilər. Bildiyiniz kimi, bir neçə gün öncə Prezident İlham Əliyevin tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə bu ölkəyə göndərilmişdir.
 



- Bundan əvvəlki dövrlərdə parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz?

 

- Milli Məclisin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin parlament ölçüsünü təmin etməyə yönəlmişdir. Vurğulamaq istərdim ki, Milli Məclisin Sədri Sahibə Qafarova və depuatat həmkarlarım tərəfindən keçən dövr ərzində intensiv və səmərəli fəaliyyət həyata keçirilmişdir. Ölkəmiz çoxsaylı beynəlxalq parlament görüşlərinə ev sahibliyi etmiş, istər müxtəlif beynəlxalq tədbirlərdə iştirak və çıxışlar vasitəsilə, istərsə də ikitərəfli görüşlər çərçivəsində ölkəmizin maraqları yüksək səviyyədə təmin olunmuşdur. Xüsusilə də, 44 günlük Vətən müharibəsi dövründə və sonrakı dönəmdə Milli Məclisin aktiv fəaliyyətinin şahidi olduq.Təkcə son beş ildə deputatların 80-dən çox ölkəyə 1200-dən artıq səfəri həyata keçirilmiş, o cümlədən Milli Məclis sədrinin 70-dən çox rəsmi və işgüzar səfəri baş tutmuşdur. Bu dövr ərzində Milli Məclis 100-dək dövlətin və 40-dan çox beynəlxalq təşkilatın 3000-dən yuxarı nümayəndəsinin iştirakı ilə 30-dan çox beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Xüsusilə qeyd edilməlidir ki, Milli Məclisin təşkilatçılığı ilə ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlərin iştirakçılarının işğaldan azad olunmuş ərazilərə 50-dən çox səfəri təşkil edilmişdir. Hazırda 100-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə yeni işçi qrupları fəaliyyət göstərir, həmçinin Milli Məclis Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə, Asiya Parlament Assambleyasına və Türk Dövlətlərinin Parlament Assambleyasına sədrlik edir. İnanıram  ki, qarşıdan gələn aylarda da VII çağırış Milli Məclisin üzvləri dövlətimizin və xalqımızın maraqlarının layiqincə təmin edilməsi, Azərbaycan həqiqətlərinin parlament diplomatiyası vasitəsilə beynəlxalq miqyasda səmərəli şəkildə çatdırılması məqsədilə fəal şəkildə çalışmağa davam edəcəklər.
 

- Ölkəmizin son illər əldə etdiyi uğurlar barədə nə deyə bilərdiniz?
 

- Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl dövlət idarəçiliyi və müstəqil, prisipial xarici siyasət kursu nəticəsində ölkəmiz davamlı inkişafa nail olmaqla yanaşı,  beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevrilmiş və nüfuzu ilbəil artmaqdadır. Xüsusilə vurğulamaq zəruridir ki, cənab Prezidentin misilsiz sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qələbəmiz və 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri regionda yeni geosiyasi reallıqlar yaratmışdır. Bu qələbə ilə dövlətimiz öz siyasi-diplomatik, hərbi və iqtisadi gücünü bütün dünyaya sübut etmişdir. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas xüsusiyyətləridir. Məhz bu kimi amillərin nəticəsində, Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına sədr seçilmiş, 200 ölkənin yekdil qərarı ilə COP29 Konfransının ölkəmizdə keçirilməsinə qərar verilmişdir. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib.

Qoşulmama Hərəkatına sədrliyi dönəmində bu platformanın fəaliyyəti əhəmiyyətli dərəcədə artmış və demək olar ki, ən uğurlu dönəmini yaşamışdır. Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpü rolunu oynamaqla yanaşı, az inkişaf etmiş, habelə kiçik ada və yeni müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlərin dünyada səsinin eşidləməsinə əhəmiyyətli töhfə vermişdir.  Eyni zamanda, COP29 çərçivəsində həmin ölkələrdə ekologiya sahəsində olan problemlər, Fransa kimi dövlətlərin həyata keçirdiyi yeni müstəmləkəçilik siyasətininin bu dövlətlərin nəinki iqtisadiyyatına, eyni zamanda ekologiyasına mənfi təsir göstərməsi bilavasitə həmin platforma üzərindən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Xüsusilə vurğulamaq istərdim ki, iqlim diplomatiyası sahəsində ən böyük beynəlxalq tədbir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları hesab olunur və MDB ölkələri arasında ilk dəfə idi ki, COP29 ölkəmizdə keçirilirdi. Tədbirdə 196 ölkədən 72 min nümayəndə iştirak edirdi. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var idi. COP29-da qəbul edilmiş qərarlar ətraf mühitin qorunması baxımından beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edir. Məhz Azərbaycanın COP29-a sədrliyi və səmərəli fəaliyyəti nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş uğurlar gözləntiləri üstələdi. Belə ki, paris Sazişinin 6-cı maddəsi üzrə 10 il davam edən müzakirələr yekunlaşdı və bu maddə məhz Bakıda razılaşdırıldı. Mühüm qərarlar arasında hər il inkişaf etməkdə olan dövlətlərə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan, yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusilə vacibdir. Bu sıraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfdən üç dəfə çox olan 300 milyard ABŞ dolları həcmində yeni maliyyə hədəfi daxildir. Həmçinin tədbir çərçivəsində bir sıra digər beynəlxalq əhəmiyyətli qərarlar qəbul olundu. “Bakı dönüşü” kimi tarixə düşəcək COP29-da qəbul olunan qərarlar gələcəkdə qlobal iqlim dəyişmələri ilə bağlı planların gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayacaq.
 



Ümumiyyətlə, qeyd etmək istərdim ki, Azərbaycan hansı bir təşkilata üzv olur və ya sədrlik edirsə, həmin təşkilat uğur qazanır.

Məlum olduğu kimi, Azərbaycan islam ölkələri ilə sıx əməkdaşlıq edir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. Biz İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsək şahidi olarıq ki, müsəlman ölkələrini birləşdirən bu təşkilat, Azərbaycanla bağlı həmişə çox müsbət fikirdə olub. Ölkəmiz həmçinin İslam həmrəyliyi ilə bağlı addımlar atmaqla yanaşı, dinlərarası münasibətlər mövzusunda, o cümlədən müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsində fəal iştirak edir. Bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də davamlı olaraq müsəlman ölkələrinin maraqlarını müdafiə edirik. Məhz bunun nəticəsidir ki, bir müddət öncə Azərbaycan inkişaf etməkdə olan 8 islam ölkəsini birləşdirən D-8 təşkilatına üzv qəbul edilmişdir. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bu təşkilatın üzv ölkələrinin toplam ümumi daxili məhsulu 5 trilyon dollardan çoxdur. 1997-ci ildə təsis edilmiş bu təşkilat yarandığı gündən genişlənməmişdir və dünyadakı 50-dən çox müsəlman ölkə arasında məhz Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzundan xəbər verir. Bu, ölkəmiz üçün növbəti uğurlu addım oldu.

Azərbaycan çoxsaylı ölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli formaqlarda səmərəli əməkdaşlığı davam etdirir. Xüsusilə türk dövlətləri ilə əməkdaşlığı qeyd etməliyik. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi ölkəmiz üçün əsas prioritetdir. Cənab Prezidentin də vurğuladığı kimi, bizim ailəmiz Türk dünyasıdır.


- Əvvəl diplomat, sonra millət vəkili, çətinlik yoxdur ki... Diplomatiya və parlament diplomatiyası, oxşarlıq və fərq nədir? Müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərirdiniz. Necə oldu ki, fəaliyyətinizi ölkədə, deputat olaraq davam etdirmək qərarına gəldiniz?
 

- Əslində diplomatik fəaliyyət geniş çərçivəyə malikdir. Bu fəaliyyətə həm iqtisadi, humanitar, ictimai diplomatiya, siyasi fəaliyyət, konsulluq məsələləri, diasporla iş, həm də qismən parlament diplomatiyası daxildir. Xaricdə çalışan rəhbər vəzifəli diplomat bu sahələrin əksəriyyəti ilə bağlı məlumatlı olmalıdır. Deməli, müəyyən mənada oxşarlıq mövcuddur. 25 ilə yaxın müddətdə diplomatik xidmət orqanlarında fəaliyyət göstərmişəm. Polşa, Belarus və Macarıstandakı səfriliklərimizdə müşavir vəzifəsində, hər birində 4 il olmaqla ümumilikdə 12 il çalışmışam. Son olaraq Cənubi Afrika Respublikasındakı səfirliyimizdə müvəqqəti işlər vəkili olmuşam. Həmçinin, nazirliyin Mərkəzi Aparatında 13 ilə yaxın müxtəlif vəzifələrdə çalışmışam. Qısa da olsa, bu faktları sadalamaqla diqqətə çatdırmaq istəyirəm ki, diplomatik xidmətdə olduğum müəyyən dövr ərzində əldə etdiyim təcrübə Milli Məclisdəki fəaliyyətimdə, o cümlədən parlament diplomatiyası sahəsindəki fəaliyyətimə dəstək olur. Bu sahə mənim üçün yeni deyil.

Sözsüz ki, təmsil etdiyim 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi üzrə seçicilərin etimadını qazanaraq ölkəmizin qanunvericilik hakimiyyəti orqanında deputat kimi təmsil olunmaq son dərəcə şərəfli və məsuliyyətli vəzifədir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarıqların, əldə olunan təcrübənin səfərbər edilməsi zəruridir. Hazırda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyanın üzvüyəm. Eyni zamanda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin və Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm. Bununla yanaşı, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatı Parlament şəbəkəsində nümayəndə heyətlərimizin və 9 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüyəm.

Diplomatiya və parlament diplomatiyası arasında fərqə gəldikdə isə qeyd etmək istərdim ki, parlament də bilavasitə bu sahə üzrə fəaliyyət göstərir və daha sıx beynəlxalq əməkdaşlığa cəlb olunuruq. Bir məsələni də qeyd edim ki, səfirlikdə fəaliyyət çərçivəsində xaricdə yaşayan həmvətənlərimizlə mütəmadi görüşlər keçirilməsi, onların qaldırdığı məsələlərin həlli istiqamətində yaxından iştirak edilməsi seçki dairəmizdə seçicilərimizlə görüşlər zamanı xeyli yararlı olur. Fikrimi yekunlaşdıraraq bildirim ki, məhz qeyd etdiyim məqamlara əsaslanaraq, Milli Məclisə seşkilərdə iştirak etmək qərarına gəldim. Düşündüm ki, ölkəmizin parlament fəaliyyətinə əldə etdiyim həyat və diplomatik təcrübəm sayəsində töhfə verə bilərəm.
 

- Barənizdə internetdə çox az məlumat var. Bəs, insanlar öz deputatları barədə geniş məlumatı hardan əldə etsinlər?
 

- Zənnimcə, barəmdə Vikipediya vasitəsi ilə müəyyən məlumatlar əldə etmək mümkündür və tədricən əlavə məlumatlar da daxil ediləcək.
 


- Uzun müddət xaricdə diplomatik fəaliyyət göstərmisiniz. O dövrdə gənclərlə əməkdaşlıq edirdinizmi, ölkədən kənarda təhsil alan və yaşayan gənclərə tövsiyələriniz nələr olardı?

 

- Öncə qeyd etdiyim kimi, diplomatik xidmətdə fəaliyyət dövründə səfirliklərimizdə çalışdığımız zaman xaricdə yaşayan həmvətənlərimizlə mütəmadi görüşlər keçirilir. Sözsüz ki, 44 günlük Vətən müharibəsindən sonra xaricdə yaşayan həmvətənlərimiz arasında ruh yüksəkliyi müşahidə edilir. Vətənini, dövlətini sevən hər bir azərbaycanlı fəxarət və qürur hissi keçirir. Gənclərimizə, xüsusilə xaricdə yaşayan gənclərimizə tövsiyə edərdim ki, ideoloji təxribatlarla bağlı məsələlərdə xüsusilə diqqətli olsunlar. Bu kimi məsələlərlə istər təhsil adlıqları universitetlərdə, istərsə də yaşadıqları cəmiyyətdə qarşılaşa bilərlər. Xüsusilə qeyd etməliyəm ki, 44 günlük Vətən müharibəsi dövründə həmvətənlilərimiz cənab Prezidentin ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsinin qələbə ilə bitməsi üçün əllərindən gələni etdilər. Müharibə bölgəsində olmasalar belə, sosial şəbəkələr, yaşadıqları ölkədə keçirdikləri dinc aksiyalar vasitəsilə ölkənin haqq səsini dünyaya çatdırmağa çalışdılar. Ümumiyyətlə, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün həmvətənlərimiz dünyagörüşlü, savadlı olmalıdırlar. Xarici dövlətlərdə təhsil aldıqları, orada yaşadıqları zaman ölkəmizə münasibətdə müsbət fikir formalaşmasına və ətraflarında Azərbaycana rəğbət bəsləyən yerli sakinlərin olmasına çalışmalıdırlar. Bəzi hallarda rəsmi qurumların təşkil etdiyi tədbirlər vasitəsilə ölkə həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdıranda, bu rəsmi mövqe kimi qəbul edilir, amma diasporun təşkil etdiyi tədbirlərdə yerli vətəndaşların yaxından iştirakı və fəallıq nümayiş etdirməsi tədbirin səmərəliliyinə müsbət təsir göstərir.

Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycanın gələcək inkişafının əsas təminatçısı olan gənc nəslin milli ruhda böyüməsi ilə bağlı vacib məqamlara toxundu. Ölkə başçısının qeyd etdiyi kimi, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Biz Azərbaycan gəncinin şücaətinin, Vətənə bağlılığını istər 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri zamanı şahidi olduq.

İnanıram ki, xaricdə yaşayan soydaşlarımız, xüsusilə gənclərimiz qarşıdan gələn dövrdə də Vətənimizin maraqlarının müdafiə edilməsi istiqamətində davamlı olaraq zəruri addımlar atacaqlar.
 

- Milli Məclisdə yaradılmış Xarici müdaxilə və hibrid təhdidlərə qarşı Komissiyanın fəaliyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.
 

- Bildiyiniz kimi, Milli Məclisdə Xarici müdaxilələr və hibrid təhdidlərə qarşı komissiya yeni yaradılmışdır. Biz COP29 öncəsi və tədbirin keçirildiyi vaxt ölkəmizə qarşı beynəlxalq miqyasda aparılan qarayaxma və riyakar kampaniyanın şahidi olduq. Hesab edirəm ki, bu kimi təhdidlərə qarşı mübarizə aparmaq baxımından Komissiya mühüm rol oynamaqdadır.

Keçən ilin oktyabr ayının 21-də sözügedən komissiya tərəfindən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirələr təşkil olunub. Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən baş tutan tədbirdə Milli Məclisin deputatları, beyin (araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər iştirak ediblər. İctimai müzakirənin əsas məqsədi ölkə ictimaiyyətinin baş verən proseslər barədə məlumatlandırılması, o cümlədən dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu nümayiş etdirmək, bununla bağlı deputatlar, vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlərlə fikir mübadiləsi aparmaq olmuşdur. Həmçinin, bu yaxınlarda komissiyanın hesabatı dərc olundu və həmin hesabatda da bu kimi məsələrlə bağlı mühüm məqamlara toxunulub. Azərbaycan müstəqil və prinsipial siyasət həyata keçirdiyindən zaman-zaman belə təhdidlərlə qarşılaşacağımız istisna olunmur. İnanırıq ki, Milli Məclisdə yeni yaradılmış komissiya xarici müdaxilə və hibrid təhdidlərə qarşı gələcəkdə də səmərəli addımlar atacaqdır.

Seçilən
20
1
modern.az

2Mənbələr