AZ

Gənc hüquqşünaslar üçün təşkil edilən "Lex Camp" düşərgəsinin açılışı olub

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, “ADA” Universiteti, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən “Lex Camp” – qış düşərgəsinin açılışı olub.

APA xəbər verir ki, “ADA” Universitetində keçirilən tədbirdə Ədliyyə nazirinin müavini Abiddin Hüseynov, “ADA” Universitetinin prorektoru Elkin Nurməmmədov, Martin Lüter adına Halle-Vittenberq Universitetinin İqtisadi hüquq institutunun direktoru professor Kristian Tyetye, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov iştirak ediblər.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov çıxışı zamanı deyib ki, tədbirin məqsədi dəvət edilən müəllim-professor heyətinin ünsiyyəti və mülkiyyət hüququ ilə bağlı təlimlərin keçirilməsidir.
ADA Universitetinin prorektoru Elkin Nurməmmədov çıxışı zamanı bu qış düşərgəsnin ənənə halını almasını arzulayıb: “Biz tələbələrimizin yalnız nəzəri biliklər deyil, praktiki biliklər qazanmasını da təmin edirik. Yerli və beynəlxalq tərəfdaşlarla təşkil etdiyimiz bu qış düşərgəsi də əsas təşəbbüslərdəndir”.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxışı zamanı deyib ki, konstitusiyamızın 30 illiyinə və 5 illik qələbəmizə həsr olunan "Konstitusiya və Suvernelik ili" çox vacibdir: "İlimizə bu tədbirlə başlayacağıq və belə başlanğıc ilə biz çox gözəl nəticələr əldə edəcəyik. Bu, doğrudan da, bizim üçün əzmkarlıq və gələcəyə nikbinlik baxmağa imkanlar yaradır”.
Açılış mərasimindən sonra Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılovun layihə iştirakçıları ilə seminarı təşkil olunub.

Qeyd edək ki, Bakı və Lənkəran şəhərlərində 14-18 yanvar tarixlərində gənc hüquqşünaslar üçün təşkil ediləcək “Lex Camp” – qış düşərgəsi “Mülkiyyət hüququ: Müdafiə və məsuliyyət aspektləri” mövzusunu əhatə edəcək. Ümumilikdə 60-a yaxın iştirakçını əhatə edəcək layihədə 5 gün ərzində mülkiyyət hüququ ilə bağlı müxtəlif seminarlar, praktiki təlimlər, nümunələr üzərində iş və panel görüşlərin təşkili planlaşdırılır. Layihə çərçivəsində spiker qismində yerli və xarici professor heyəti və rəsmilərin iştirakı nəzərdə tutulur. Layihənin digər tədbirləri, eləcə də bağlanış mərasimi Lənkəranda təşkil ediləcək.

Seçilən
11
5
apa.az

7Mənbələr