AZ

Məktəblərdə təhlükəsiz mühit və münaqişələrin həlli yolları: QHT sədrindən açıqlama

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az-a verdiyi açıqlamada məktəblərdə təhlükəsiz mühitin yaradılması və münaqişələrin həlli yolları ilə bağlı mühüm fikirlər səsləndirib.

Kəmalə Aşumova bildirmişdir ki, məktəblərdə təhlükəsiz mühitin yaradılması üçün şagirdlər, valideynlər və müəllimlərlə müxtəlif maarifləndirici proqramların həyata keçirilməsi vacibdir. O vurğulamışdır ki, uşaqlar arasında emosional gərginlik, zorakılıq və ya travmatik vəziyyətlərin aşkarlanması və onların aradan qaldırılması istiqamətində xüsusi yanaşmalar tətbiq olunmalıdır.

Valideynlərə narahatlıq doğuran əsas məsələlərdən biri uşaqların məktəbdə necə ünsiyyət qurduğu və təhlükəsizlik məsələləridir. Bu səbəbdən, yalnız valideynlər deyil, məktəb rəhbərliyi və müəllimlər də mütəmadi təlimlərə cəlb edilməli, onların uşaqyönlü yanaşma prinsipləri ilə tanışlığı təmin olunmalıdır.

Kəmalə Aşumova valideyn komitələrinin hazırkı funksiyalarının əsasən texniki və administrativ məsələlərlə məhdudlaşdığını qeyd edərək, bu komitələrin münaqişələrin həlli istiqamətində daha aktiv rol oynaması üçün yenidən təşkil edilməsinin vacibliyini vurğulayıb.

Məktəb mediatorlarının yaradılması da təkliflərdən biri kimi səsləndirilib. Məktəb mediatorları münaqişələrin sülh yolu ilə həllinə töhfə verə, düzgün dialoq qurulmasını təmin edə bilərlər.

Eyni zamanda, məktəblərdə psixoloji xidmətlərin təkmilləşdirilməsi və əlçatanlığının artırılması xüsusi əhəmiyyət kəsb edir. Məktəb psixoloqlarının sayı artırılmalı, onların peşəkar hazırlığına diqqət yetirilməlidir.

Nəticə olaraq, Kəmalə Aşumova qeyd etmişdir ki, təhlükəsiz və sağlam mühitin təmin edilməsi, valideynlərin və pedaqoqların iş keyfiyyətinin artırılması, həmçinin konfliktlərin həlli istiqamətində praktiki yanaşmaların tətbiqi məktəblərdə təhsil keyfiyyətini artıracaq və uşaqlar üçün daha yaxşı gələcək təmin edəcəkdir.

 

Pərvanə Fərhadqızı

Seçilən
2
qht.az

1Mənbələr