AZ

“Real” 5000-ə çatdı və zirvəyə yüksəldi - ŞƏRH

“Real” 12-ci turdan təxirə salınan oyunda “Valensiya” üzərində əzmkar qələbə qazandı.

"Football-plus.az" xəbər verir ki, “yarasalar” Karlos Korberanın rəhbərliyi altında keçirdiyi ilk oyunda çempiona layiqincə müqavimət göstərdi.

Meydan sahibləri ilk yarıda yaxşı müdafiə olunmaqla yanaşı, zaman-zaman Kurtuanın qapısı önündə təhlükəli vəziyyətlər də yaradırdı. Madridlilərin qapıçısı Duronun iki zərbəsinin qarşısını məharətlə aldı. Amma inadkar Duro 27-ci dəqiqədə qol istəyinə çatdı. O, Gerranın ilk zərbəsini dəf edən Kurtuanı təkrar zərbə ilə məyus etdi. Paytaxt klubu hesabda geri düşəndən sonra silkələndi. Madridlilər fasiləyə qədər əsasən uzaqdan zərbələrlə Dimitrievskini narahat edirdi. 2-ci hissənin əvvəlində “Real” hesabı bərabərləşdirmək üçün əla imkan qazandı. Ancaq Mbappenin qazandığı penaltini yerinə yetirən Bellingem topu dirəyə vurdu.

Ardından Mbappenun vurduğu qol ofsayd üzündən sayılmadı. “Mestalya” artıq “Valensiya”nın sensasiyalı qələbəsinin həyəcanı ilə yaşayırdı. Bütün bəlaların davamı kimi Vinisius da 79-cu dəqiqədə meydandan qovuldu. Amma bundan sonra meydanda inanılmaz hadisələr yaşandı. Azlıqda qalan komandanın heyətində Modriç səhnəyə çıxdı. Xorvatiyalı ulduz 85-ci dəqiqədə Bellingemin ötürməsindən sonra hesabı bərabərləşdirdi. Uzatma dəqiqələrində isə Bellingem Gilyamonun kobud səhvindən yararlandı və qaçırılan penaltiyə görə günahını yudu. Bütün turnirlərdə keçirdiyi son 6 oyunda 5-ci qələbəsini qazanan “Real” “Atletiko”nu arxada qoyaraq 1-ci pilləyə yüksəldi. “Valensiya”ya isə bu mövsüm elitada yerini qorumaq çətin olacaq.

12-ci turdan təxirə salınan oyun
Valensiya – Real 1:2
Duro, 27 – Modriç, 85. Bellingem, 90+6. (46420)
Real: Kurtua, Mendi (Kamavinqa, 68), Rüdiger, Çuameni, Vaskes, Valverde, Sebalyos (Modriç, 80), Vinisius, Bellingem (Asensio, 90+7), Rodriqo (Dias, 68), Mbappe.
1. Real – 43 (19), 2. Atletiko – 41 (18), 3. Barselona – 38 (19)... 19-20. Valyadolid, Valensiya – 12.
Bombardir: Levandovski (Barselona) – 16.

Faktlar
* “Real” La Liqada unikal statistik göstəriciyə nail oldu. “Kral klubu” “Valensiya” üzərindəki qələbədən sonra çempionatda xal sayını 5002-yə çatdırdı. “Real” 5000 xal həddini aşan ilk komandadı. Hesabında 4887 xal olan “Barselona” “Real”a hamıdan yaxındı. Bu göstəricidə 3-cü pillədə isə “Atletiko” (4018) qərarlaşıb.
* Modriç “Real”ın heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ilk “10-luğ”a düşdü. Xorvatiyalı xavbek bütün turnirlər çərçivəsində 561-ci dəfə Madrid klubunun formasını geydi. O, 1964-80-ci illər aralığında “Real”ın şərəfini qoruyan Pirriyə (əsl adı Xose Martines Sançes) çatdı. Bu reytinqin ilk pilləsində Raul (741 oyun) qərarlaşıb. 80-ci dəqiqədə meydana çıxan Modriç 5 dəqiqə sonra bərabərlik qolunu vurdu. 39 yaş 3 ay 26 günlüyündə meydana çıxan xorvat ulduz Ferents Puşkaşın çoxdankı rekordunu yenilədi. “Real”ın əfsanəvi bombardiri 1965-ci ili noyabrında – “Sevilya” ilə oyunda (1:2) 38 yaş 7 ay 2- günlüyündə fərqlənmişdi.

Seçilən
3
football-plus.az

1Mənbələr