Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 5-də saat 22 radələrində Gorus rayonunun Dıx və Xanazax kəndlərindən Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqelərini atəşə tutublar. Ertəsi gün, yanvarın 6-da saat 14-də atəş təkrarlanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi ictimaiyyətə məlumat verib.
Artıq bir neçə gündür ki, şərti sərhəd yaxınlığında hərbi fəallıq müşahidə olunur. Hərbi mənbələrin Minvala izah etdiyi kimi, bir neçə gündür ki, erməni postları özlərini fəal kimi göstərərək havaya atəş açırdılar, indi isə qəsdən Azərbaycan mövqelərini atəşə tutmağa keçiblər.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Ajans.az-a açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanın hərbi gücü ilə rəqabət aparmaq imkanına malik deyil. Onun sözlərinə görə, Ermənistanın hazırda Azərbaycanın hərbi gücü ilə rəqabət apara bilməz:
"Ermənistanın büdcəsi belə, bu məqsədə yetərli deyil. Bəzi Qərb ölkələrindən əldə olunan hücum xarakterli silahlar olsa da, Azərbaycanla növbəti savaş üçün bu, yetərli deyil.”
Ermənistanın atəşkəsi pozmaq cəhdlərinin səbəblərindən danışan Xalidbəyli vurğulayıb ki, İrəvan bununla Azərbaycanın reaksiyasını sınamağa çalışır:
“Bu çox təhlükəli bir seçimdir. Çünki Azərbaycan elə bir reaksiya verə bilər ki, Ermənistan ciddi təhlükə qarşısında qala bilər. Ermənistanın revanşist mövqeyinin formalaşmasında ABŞ, Avropa Birliyi və Fransanın rolu xüsusi əhəmiyyət daşıyır. Bu dövlətlər Ermənistanı növbəti savaşa cəsarətləndirir və geopolitik maraqlarını təmin etmək üçün Ermənistandan hərbi alət kimi istifadə edirlər. Bu məkrli üçlük Ermənistanı Azərbaycana qarşı yönəldərək regionda gərginliyi artırır. Bu isə Ermənistan üçün çox təhlükəli bir prosesdir.”
Politoloq hesab edir ki, Ermənistanın müharibəyə əl atması ilə bu dövlətlər ona yetərli dəstək verə bilməyəcək. Azərbaycanın verəcəyi reaksiyanın isə çox sərt olacağını vurğulayan Xalidbəyli, növbəti savaşın Ermənistan üçün fəlakətlə nəticələnə biləcəyini qeyd edib.