AZ

"Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığının rolu" mövzusunda müzakirə keçirilib

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə "Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığının rolu" mövzusunda müzakirə keçirilib.

APA xəbər verir ki, tədbirdə açılış nitqiylə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamağın sahibkarlar, təhsil sistemi və cəmiyyət üçün mühümlüyündən danışıb.

"Ölkəmizdə 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb.

Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir", - o qeyd edib.

C. Kərəmov çıxışında bu il Şuşada peşə təhsil müəssisələrinin yenidən qurulacağını və əsaslı təmir işlərinə başlanılacağını da deyib.

Tədbir panel müzakirələrlə davam edib. Şirkət direktorları peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması məsələlərini müzakirə ediblər.

"ArchiCo MMC"nin direktoru Cavad Musayev isə müzakirələr zamanı bildirib ki, universitetlərdə, təhsil müəssisələrində öyrədilənlərlə praktiki təcrübə arasında ciddi fərq var.

O qeyd edib ki, şirkət işə götürdüyü kadrlara öz strategiyalarını öyrədir, investisiya qoyur, amma işçilər bəzən yüksək əməkhaqqı təklifi aldığı üçün çıxıb xarici şirkətlərə gedir:

"Biz ilboyu memarlıq şöbəsinin əməkdaşlarını, yeni işə götürdüyümüz kadrları xaricdə kurslara, tədbirlərə göndəririk, işçilərə investisiya qoyub, onları kadr kimi püxtələşdiririk. Bunun üçün 4-5 il tələb olunur. Təəssüf ki, bəzən kadrlarımız yüksək maaş təklifi alır və çıxıb xaricə gedir".
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndəsi Ayşən Həsənova isə deyib: "Hazırda peşə təhsilini seçmək gənclər üçün məcburiyyətdən istəyə çevrilib".

O, müzakirələr zamanı həmçinin, qeyd edib ki, şirkətlər vaxtaşırı peşə təhsili müəssisələriylə , müəllimlərlə birbaşa əlaqəyə keçib öz tələblərini bildirməlidir ki, peşə təhsil müəssisələrində kadrları bu istiqamətdə yönləndirilsin, hazırlaşdırılsın.

Qeyd edək ki, tədbirdə dövlət qurumları ilə yanaşı, peşə təhsili sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri, tikinti sektorunun aparıcı şirkətlərinin rəhbərləri və Peşə Təhsil Müəssisələrinin rəhbər və müəllim heyəti iştirak edib.

Müzakirələrin əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsi, həmçinin peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqların artırılması məsələləri olub.

Seçilən
14
8
apa.az

9Mənbələr