"Könül Evi Aztəminatlı Ailələrə Yardım” İctimai Birliyinin sədri Ruxsarə Axundova insan alveri ilə mübarizə mövzusunda beynəlxalq təcrübənin öyrənilməsinin və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq tədbirlərdə, konfranslarda iştirak etmək və beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının inkişafına mühüm töhfə verə bilər.
“Dünya təcrübəsindən yararlanmaq və beynəlxalq əlaqələri inkişaf etdirmək bizim QHT-lərə böyük təkamül verər. Bu əməkdaşlıq qarşılıqlı öyrənmə prosesini də təmin edə bilər. Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində müəyyən təcrübə mövcuddur, lakin beynəlxalq əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmaq vacibdir,” – deyə Ruxsarə Axundova bildirib.
O, əlavə edib ki, hazırda beynəlxalq əlaqələr orta səviyyədədir, lakin bu istiqamətdə daha çox iş görmək, mövcud əməkdaşlığı genişləndirmək mümkündür. Axundova hesab edir ki, bu cür əlaqələr ölkələr arasında təcrübə mübadiləsi üçün imkanlar yaradır və insan alverinə qarşı mübarizə tədbirlərini daha da effektiv edir.
Pərvanə Fərhadqızı