AZ

Rusiya və İran nə etmək istəyir?- “Tez bir zamanda Azərbaycanla münasibətləri normallaşdırmaq barədə düşünməsələr…”-ŞƏRH

“Azərbaycan dövləti həm Rusiya, həm də İranla bağlı lazımi addımları atmaqdadır. Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulmasına görə Azərbaycan Prezidenti İlham Əliyev olduqca sərt bir mövqedən çıxış edərək, ölkəni ittiham etdi, Rusiyadan üzrxahlıq və günahkarların cəzalandırılmasını tələb etdi. Rusiya Azərbaycanla münasibətlərinin normal qalmasını istəyirsə, bu məsələyə daha obyektiv mövqe bildirmək məcburiyyətindədir. Əks halda rəsmi Bakı bu cür davranışlara laqeyd qalmaq niyyətində olmadığını biruzə verir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

O bildirib ki, Rusiyanın Azərbaycana ehtiyacı var və normal münasibətlərin qorunması onun üçün çox vacibdir:

“Rusiya olduqca imperialist bir dövlət olduğundan hələ ki, öz qeyri-adekvat davranışlarını davam etdirməkdə israrlı görünür. Ancaq bunun da Rusiyaya müsbət nəticələr verəcəyi qətiyyən inandırıcı deyil. Kremldə nəzərə alınmalıdır ki, Cənubi Qafqazda mövcud olan maraqların reallaşıb-reallaşmayacağı birbaşa rəsmi Bakıdan aslıdır. Çünki Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir. Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri olmadan regionda geopolitik hədəflərə çatmaq qətiyyən mümkün deyil. Rəsmi Bakının mövqeyi tamamilə prinsipial və qətiyyətlidir. Bu baxımdan Azərbaycan dövləti maraqlarını müdafiə edərək Rusiyaya da öz etirazlarını, iradlarını açıq şəkildə bildirir. Bundan sonra Rusiya Azərbaycanla qurmaq istədiyi münasibətə uyğun davranacaq”.

E. Xalidbəylinin sözlərinə görə, İran da Azərbaycana qarşı aqressiv mövqedən çıxış etməyə davam edir:

“Artıq dəfələrlə sübut olunub ki, İranın aqressiv davranışları rəsmi Bakının sərt reaksiyasına tuş gəlir. Yəni, Azərbaycan İranın aqressivliyi qarşısında geri çəkilməyəcəyini dəfələrlə biruzə verib. İran bundan ciddi nəticələr çıxarmalıdır. Azərbaycan normal münasibətlər barədə düşünsə İranın da qonşuluq siyasətində müsbət irəliləyişlər olar. Ancaq görünən odur ki, rəsmi Tehranın hələ ki belə bir niyyəti yoxdur. Azərbaycanla problemlərin aradan qaldırılması istiqamətində ciddi həvəs göstərmir. Ona görə də rəsmi Bakı da İrana qarşı mövqeyini açıq və sərt şəkildə bəyan edir. İran Azərbaycanın etirazlarından nəticə çıxartmasa, münasibətlər ciddi şəkildə gərginləşə bilər. Nəzərə alınmalıdır ki, həm Rusiya həm də İran qlobal proseslərdə məğlub duruma düşmüş və mövqelərini itirmiş dövlətlər sırasına daxildir. Suriyada, o cümlədən Yaxın Şərqdə mövqeləri zəifləmiş bu iki dövlətin yaxın gələcəkdə Cənubi Qafqazda təsir imkanlarının ciddi şəkildə aradan qalxa biləcəyi və zəifləyəcəyi artıq açıq-aşkar müşahidə olunur. Əgər İran da Azərbaycanla münasibətlərindəki mövcud problemləri aradan qaldırmaq istəməsə, bu halda Cənubi Qafqazda İranın hər hansı bir söz haqqı, geopolitik hüququ mövcud olmayacaq. Rəsmi Bakı İrana da Cənubi Qafqaza nüfuz etmək imkanı tanımayacaq. Region Azərbaycan və Türkiyənin müttəfiqliyi çərçivəsində tamamilə fərqli istiqamətlər üzrə inkişaf perspektivlərinə doğru yönəlmiş olacaq. Bu baxımdan həm Rusiya, həm də İran yanlış siyasi kurs yürütməkdədilər. Azərbaycanla münasibətlərin normallaşdırılması barədə düşünmələri artıq olduqca vacibdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr