Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələ konsensusla həll edildiyinə görə formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyildi. Onsuz da Minsk qrupu artıq uzun müddətdir ki, fəaliyyətsizdir və yalnız formal olaraq mövcuddur. Və indiki mərhələdə, yəni Ermənistan tərəfindən Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırsa və Qarabağ problemi yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın varlığının da mənası qalmır. Azərbaycanın tərəfinin bu yanaşması və tələbi kifayət qədər haqlı və əsaslandırılmış tələb idi. Ermənistan ilk mərhələdə hər vəchlə bu formatın qalmasına çalışsa da sonda Azərbaycanın tələbini qəbul etmək məcburiyyətində qaldı.
Şübhəsiz ki, bu addım Azərbaycan-Ermənistan münasibətlərinə və ümumiyyətlə sülh sazişinin imzalanmasına da müsbət mənada təsir göstərəcək. Belə ki, irəli sürülən iki şərtdən birinin qəbul olunması, ikinci şərtlə bağlı müzakirələri də intensivləşdirəcək.
Bu həm də ikitərəfli formatda danışıqların effektini də artıracaq. Əgər Ermənistan bundan sonrakı fəaliyyətində də reallıqları qəbul edərək Azərbaycanın şərtlərinin qəbul olunamsı istiqamətində addımlar atacaqsa o zaman sülh sazişinin imzalanması da mümkün olacaq. Əks təqdirdə itirən yenə də Ermənistan olacaq".
Zeynəb Rzayeva