Bu günlərdə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində görülən işlərlə bağlı keçirilən brifinq zamanı maraqlı bir məsələyə toxunub. Nazir müavini Bakıda tramvay xətlərinin bərapasından söz açıb və sözügedən layihənin icrası istiqamətində işlərin davam etdiyini bildirib.
R.Hümmətov Bakıda tramvay xəttinin inşasının faydalı ola biləcəyi ərazilərin müəyyənləşdirildiyini deyib: “Metro və ya dəmiryolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu, Binəqədidən keçməklə “28 May” istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri, son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən “Seebreze” zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər”.
Məlumat üçün bildirək ki, Bakıda tramvay nəqliyyatı ilk dəfə 1924-cü ildə istifadəyə verilib. O dövr üçün tramvaylar həm ictimai nəqliyyatın əsas hissəsi idi, həm də şəhər üçün müasirlik simvolu sayılırdı. 1980-ci illərə qədər Bakıda geniş tramvay şəbəkəsi mövcud olub. Həmin vaxt şəhərin əsas hissələrini birləşdirən bu nəqliyyat növü yüz minlərlə sərnişinə xidmət edirdi. Ancaq iqtisadi və texniki problemlər, eləcə də şəhərsalma ilə bağlı məsələlər, alternativ nəqliyyat növlərinin inkişafı kimi amillərə görə, Bakıda tramvay xətləri intensiv şəkildə zamanla azaldıldı. 1990-cı ildə tramvay yollarının uzunluğu 46,6 km, 1999-cu ildə 35,9 km, 2003-cü ildə isə 22,0 km olub. Bakıda tramvay xətləri 2004-cü ildə tamamilə ləğv edilib. Metronun “Xətai” stansiyasından Montin bazarına qədər uzanan sonuncu tramvay xətti sökülüb və bununla şəhərin tramvay nəqliyyatı dövrü başa çatıb.