AZ

Qardaşlıq simvolu: Türkiyə-Azərbaycan münasibətləri yeni dönəmə addımlayır

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 33 il ötür.

Bakıvaxtı.az-ın məlumatına görə, hər iki ölkə 1992-ci ildə rəsmi olaraq diplomatik münasibətlər qurduqdan sonra, siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə yaxın əməkdaşlıq və səmimi dostluq münasibətləri inkişaf etdirib.

Bəs bundan sonrakı illərdə Azərbaycan-Türkiyə münasibətləri hansı istiqamətdə inkişaf edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin mətbuat işləri üzrə müşaviri Cihangir İşbilirin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərinin çox dərin və köklü dəyərlərə əsaslanır:

"Azərbaycan və Türkiyə arasında olan diplomatik münasibətlər əsrlərə dayanır. Bugünkü mədəni, sosial, siyasi və iqtisadi müttəfiqliyin təməlləri dərin qardaşlıq və dostluq münasibətlərinin təcəssümüdür. Azərbaycan və Türkiyə arasında olan bu dərin qardaşlıq və dostluq münasibətləri, xüsusilə 1991-ci ildən sonra müstəqillik əldə etmiş Azərbaycanın beynəlxalq münasibətlərində mühüm rol oynayır. Hər iki ölkə, bir-birinə olan strateji əhəmiyyətini anlayır və regionda sülh, təhlükəsizlik və inkişafın təmin edilməsi istiqamətində ortaq məqsədlərlə fəaliyyət göstərir. Azərbaycanın ərazi bütövlüyü və Türkiyənin beynəlxalq aləmdəki mövqeyi ilə bağlı qarşılıqlı dəstək, bu münasibətlərin təməlini təşkil edən əsas prinsiplərdən biridir".

Cihangir İşbilir: Biz dost, qardaş və müttəfiq ölkələrik

O, media münasibətlərində iki qardaş ölkənin rolundan da söz açıb. Hazırda əsas məqsədin Türkiyə-Azərbaycan media platforması çərçivəsində davam etdiyini deyən müşavir vurğulayıb ki, dezinformasiya ilə mübarizə məqsədilə ciddi addımlar atılıb:

"Biz dost, qardaş və müttəfiq ölkələrik. Məhz buna görə nəinki siyasi sahədə, mətbuat sahəsində də əməkdaşlığımız yüksələn xətlə davam etdirilir. Azərbaycan və Türkiyə arasındakı mətbuat sahəsindəki əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməkdən ibarət deyil, həm də beynəlxalq platformalarda birgə maraqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq məlumat mübadiləsini daha effektiv edir, hər iki ölkənin tarixi, mədəniyyətini, inkişafını və uğurlarını dünya ictimaiyyətinə daha geniş şəkildə təqdim etməyə imkan yaradır".

C.İşbilir bildirib ki, hər iki ölkənin ittifaqının təməllərində dayanan amillər diplomatik məsələlərdən daha çox mənəvi tellərlə bağlıdır:

"Azərbaycan və Türkiyə arasındakı strateji ittifaqın ən dərin kökləri yalnız rəsmi münasibətlərdə deyil, həm də xalq səviyyəsindəki yaxınlıqda və qarşılıqlı anlaşmada özünü göstərir. Hər iki ölkə bir-birinin mədəniyyətini, tarixini, ənənələrini və həyat tərzini öyrənir, bu da onların əlaqələrini daha möhkəm edir. Bu mənəvi bağlar həm də cəmiyyətlər arasında qarşılıqlı anlayış və empati yaratmağa kömək edir. Hər iki xalqın bir-birinə olan inamı, qarşılıqlı hörməti və qardaşlıq münasibətləri, iki ölkənin birgə inkişaf etməsinə və dünya səhnəsində daha güclü bir mövqe tutmasına imkan verir".

Son olaraq müşavir vurğulayıb ki, bu istiqamətdə atılan addımlar davam etdiriləcək:

"Bu günə qədər olan münasibətlər necə ən yüksək səviyyədə idisə, bu gündən sonra da eyni sistemlə davam etdiriləcək. Bu addımların davam etdirilməsi beynəlxalq səviyyədə iki ölkənin birgə maraqlarını müdafiə etməyə, regiondakı sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bir yanaşmadır. Eyni zamanda, hər iki ölkə arasındakı iqtisadi əməkdaşlıq və ticarət sahələrindəki müsbət inkişafın da davam edəcəyinə, yeni layihələrin həyata keçirilməsinə və qarşılıqlı investisiyaların artırılmasına dair müəyyən siqnallar verir. Həmçinin, mədəniyyət, təhsil, idman və digər sahələrdə də bu münasibətlərin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar hər iki ölkənin xalqları arasında daha dərin və səmimi bir əlaqənin yaranmasına imkan verəcək".

Əli Hüseynov

Seçilən
5
bakivaxti.az

1Mənbələr