Vaşinqtonla Moskva arasında hərbi və diplomatik xətt üzrə müəyyən təmas kanalları qalır. Rusiya ilə ABŞ arasında texniki səviyyədə müəyyən əlaqələr olsa da, hələ də yüksək səviyyəli siyasi dialoq yoxdur.
“AzPolitika.info” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov yanvarın 14-də keçirdiyi brifinqdə deyib.
Peskovun dediyinə görə, Bayden administrasiyası ilə siyasi dialoq mövcud deyil: "Vaşinqtonla Moskva arasında müəyyən təmas kanalları var. Bilirsiniz, həm hərbi, həm də diplomatik. Amma bunlar daha çox texniki səviyyəli təmaslardır. Heç vaxt yüksək səviyyədə, ən yüksək səviyyədə siyasi dialoq və ya dialoq olmayıb, indi də yoxdur".
Peskov həmçinin iddia edir ki, Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın görüşünə mümkün hazırlıqlar barədə yeni məlumatı yoxdur: "Hazırda şərh tələb edən yeni heç nə yoxdur".
Xatırladaq ki, bu görüşün yeni Amerika liderinin andiçmə mərasimindən sonra baş tutacağı gözlənilir. Lakin dəqiq tarix hələ ki, məlum deyil.
“AzPolitika.info”