AZ

Ölkəmiz xaricdən borcalmanı artıracaq: Səbəb nədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pərviz Heydərov yazır...
Dövlət başçısı İlham Əliyev tərəfindən yanvarın 7-də yerli televiziya kanallarına verilən müsahibədə ölkəmizin ötənilki maliyyə vəziyyəti böyük dərəcədə yaxşılaşmış, rezervləri artmış kimi dəyərləndirildi.
"Baxmayaraq ki, ötən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir", - deyə Prezident bildirdi.
Həqiqətən də 2024-cü ildə ölkə iqtisadiyyatında müsbət dinamika hökm sürdüyünə dair əyani sübutlardan biri məhz valyuta ehtiyatlarımızın artması faktından ibarət olub. Oktyabrın 1-dək ümumi strateji valyuta ehtiyatlarımız 73 milyard 493.4 milyon ABŞ dollarına çatmışdı ki, bunun 83.95%-i və yaxud 61 milyard 697.6 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 16.05%-i və yaxud 11 milyard 795.8 milyon dolları isə Mərkəzi Bankın (AMB) payına düşürdü.
Təkcə qeyd olunan ilin III rübü ərzində ölkənin valyuta ehtiyatları 3 milyard 755.2 milyon ABŞ dolları və yaxud 5.4% artıb ki, ARDNF-in ehtiyatlarında 3 milyard 697 milyon ABŞ dolları və yaxud 6.4%, AMB-in isə 58.2 milyon ABŞ dolları və yaxud 0.5% yüksəliş qeydə alınıb. Doğrudur, AMB-nin rəsmi valyuta ehtiyatları həcminin oktyabr-noyabr ayları ərzində 424 milyon dollar + 404 milyon dollar = 828 milyon dollar azaldığı qeydə alınıb. Lakin bu, o qədər də ciddi xarakter daşımayıb və daşımır da.
Təkrar edirəm, Prezident İlham Əliyev sözügedən müsahibəsində bildirib ki, il ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb ki, bu gün qeyd olunan rəqəm 72 milyard dollar təşkil edir. "Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir." - deyə, Prezident elə-belə qeyd etməyib.
Müqayisə üçün qeyd edim ki, 2024-cü ilin oktyabrın 1-nə Azərbaycanın dövlət borcunun səviyyəsi isə 26 milyard 201,4 milyon manat və yaxud sözügedən il üzrə ÜDM-in 21.6%-i qədər olub. Söhbət, proqnoz həcmdən gedir.
Qeyd edim ki, ötən ilin sosial-iqtisadi yekunları hələ açıqlanmayıb. Borcun 9 milyard 8.5 milyon manatı və yaxud 5 milyard 299.1 milyon ABŞ dolları xarici, 17 milyard 192.9 milyon manatı isə daxili dövlət borcu sayılırdı. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7.4%-i və 14.2%-i qədər, 1 il əvvələ nisbətən 18.9% az və 2,8 dəfə çox hesab edilirdi.
Ona görə də dövlət başçısı qeyd olunan müsahibəsində əlavə edib ki, ikinci vacib göstərici ÜDM-in xarici borca olan nisbəti məsələsidir. "Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ÜDM-in cəmi 7.2 %-ni təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 %-dən də çoxdur və 7.2% səviyyə doğrudan da çox böyük nəticədir." - deyə, ölkə Prezidenti vurğulayıb.
Göründüyü kimi, xarici dövlət borcunun məbləği daxilidən az təşkil edir. Və əsas cəhət də məhz bundan ibarətdir. Lakin sual oluna bilər ki, buna necə nail olunub?
Məsələ bundadır, bizdə Prezident İlham Əliyevin hələ illər öncə irəli sürdüyü təşəbbüs nəticəsində dövlət borcunun idarəedilməsi üzrə strategiyası həyata keçirilir. Və buna da uyğun da, xarici borcun ümumi borc portfelində həcmi az təşkil etməklə yanaşı, 2021-ci ildən ÜDM-in həcminin artması hesabına ona nisbətdə payı azalır.
Təxminən yeddi il öncə, yəni 2018-ci il 24 avqust tarixdə dövlət başçısının 424 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiq edilmişdi. Hansı ki, həmin sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya vəzifə olaraq qoyulmuşdu.
Yəni 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürülmüşdü.
Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirmək sayəsində ÜDM-in 10%-dən aşağı hissəsinə endirmək nəzərdə tutulmuşdu. Həmin vaxtda, yəni sözügedən strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20.3% təşkil edirdi. 2023-cü ilin əvvəlinə isə bu rəqəm 2.5 dəfə azaldılaraq artıq, 8.6%-ə salınmışdı.
2024-cü ilin əvvəlinə isə yuxarıda qeyd etdiyim kimi 8.9%-ə bərabər idi.
2022-ci ilin 30 dekabr tarixindəsə "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi" təsdiq edildi. Yəni, növbəti bir sənəd... Bu sənəddə isə qarşıya eyni hədəflər qoyulmuşdu.
Belə ki, strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz olaraq saxlanılmaqla, 2022-2025-ci illər ərzi üçün dövlət borcalmalarının idarəedilməsinə dair yeni çərçivə müəyyən olunaraq 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürülüb.
Başqa sözlə, yeni strategiya da əvvəlkində müəyyən olunduğu kimi, yalnız yeni borcalmalarla bağlı deyil, dövlət borcu və zəmanəti ilə alınan vəsaitlərlə də bağlı cari vəziyyətin təhlil edilməsini, riskləri və görüləcək tədbirləri əhatə edirdi.
Qeyd etmək istədiyim budur ki, əgər 2018-ci ildən bu sənədlər ortaya qoyulmasa idi və ölkəmizdə dövlət borcu məsələsinə strateji yanaşma olmasaydı indiyədək həm cari iqtisadi məsələlərə, həm 2020-ci ildə pandemiyaya, həm də lap elə 2021-ci ilin əvvəlindən etibarən işğaldan azad olunan ərazilərdə başlanan məlum yenidənqurma və bərpa işlərinə görə çoxdan borclanmaya getmişdik və özü də artıqlaması ilə...
Ancaq ölkəmiz bu illər ərzində qeyd etdiyim kimi, xaricdən borc almağı azaldıb, əvəzində daxili borclanmanı genişləndirib. Bunun da heç bir zərəri yoxdur, o baxımdan ki, nəticədə daxili maliyyə, xüsusən də onun ən mühüm seqmenti olan qiymətli kağızlar bazarı inkişaf etməkdədir.
Halbuki, böyük enerji resurslarına sahib ölkə olduğumuzdan ödəniş qabiliyyətliliyik. Və odur ki, xaricdən gen-bol borc vəsaitlər cəlb edə bilərik.
Bütün bu söylənilənlərdən ortaya çıxan qənaət budur ki, əvvəla, Azərbaycan investisiya mühitli bir ölkədir və borc alıb geri qaytarmaq qabiliyyətində və gücündədir, ikincisi "Standard&Poor"s" (S&P), "Fitch Ratings" və "Moody"s" kimi dünyanın aparıcı reytinq agentlikləri tərəfindən əslində daha yüksək, pozitiv və optimist qiymət verilməli olduğu ölkədir, üçüncüsü də daha ucuz və sərfəli kredit resursları cəlb etmək statusuna sahibdir.
Odur ki, Prezidentin sözügedən müsahibəsindən də bəlli olduğu kimi ölkəmiz xarici borclanma kursunu və yaxud da siyasətini yaxın müddətdə bu dəfə əks, yəni nisbətən artırmaq istiqamətində dəyişmək niyyətindədir.
Sual olunur ki, niyə?
Cavab birmənalıdır: ölkə iqtisadiyyatının genişləndirilməsi ilə bağlı qarşıda bir sıra böyük həcmli investisiya tələb edən məsələlər dayanır ki, bu, dövlət büdcəsinə və ehtiyatlarımıza yük yarada bilər. Ona görə də xaricdən borc alınması indiyədək olanın əksinə, artırılmalıdır.
Ümumiyyətlə, borc alıb, borc verməsə heç bir ölkə inkişaf edə bilməz.
Seçilən
9
oxu.az

1Mənbələr