AZ

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edildi

Yeni yaradılan Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib.

Bu barədə Yenicag.az-a TƏBİB-dən bildirilib.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bu gün N.Rəhmanovu kollektivə təqdim edib.

Məlumat üçün bildirək ki, N.Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.

O, 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsil alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur. N.Rəhmanov 1994-2021-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibbi xidmət idarələrində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 26 dekabr 2024-cü il tarixli 18-1/3-1-2572/2024 nömrəli əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli təsdiq edilib. Bir müddət əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli vərəm əleyhinə dispanserlər, 1 və 2 nömrəli xüsusiləşdirilmiş vərəm xəstəxanaları, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası, Suraxanı Tibb Mərkəzinin 3 saylı Doğum evi, eləcə də tabeli tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.

Seçilən
0
28
yenicag.az

10Mənbələr