AZ

"Harada qaz varsa, orada təhlükə var" - AÇIQLAMA

Bildiyimiz kimi, dəm qazından zəhərlənmə halları artmaqdadır. Bəlkə də hər gün mediada bu cür xəbərlərlə rastlaşırıq. Elə bu gün də bir ailənin üzvlərinin dəm qazından zəhərləndiyi məlum oldu. 

Bəs insanlar nələrə diqqət etməlidirlər ki, bu kimi hallar olmasın?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, dəm qazı natamam yanma məhsuludur, yanma prosesi düzgün getmədikdə əmələ gəlir:

“Yanma prosesi də tüstü bacalar işlək vəziyyətdə olmayanda, otaqda kifayət qədər havalandırma olmayanda pozulur. Ona görə də qaz cihazı olan otaqda tüstü bacalar və havalandırma işlək vəziyyətdə olmalıdır, dəm qazı və qaz sızması əleyhinə dedektorlar olmalıdır. Qaz sobası quraşdırılan otağın həcmi nəzərə alınmalıdır, yəni əgər 2 gözlü qaz sobası varsa, otağın həcmi minimum 8 kvadrat, 3 gözlü qaz soba üçün otağın həcmi 12 kvadrat, 4 gözlüqaz soba üçün isə 15 kvadrat olmalıdır. Əlavə olaraq su qızdırıcı da quraşdırılbsa, o zaman 20 kvadrat olmalıdır. Əgər bunlar olmazsa, tüstü bacası işlək vəziyyətdə olmazsa, nəfəslik olmazsa yanma prosesini əngəlləyir və nəticədə dəm qazı əmələ gəlir. Ona görə də mütləq bu məsələlərə diqqət etmək lazımdır. Çünki qaz harada varsa, müəyyən qədər təhlükə var, deməkdir”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, dəm qazı əsasən hamam otaqlarında yaranır, çünki hamam otağında qaz cihazı var:

“Təhlükəsizlik baxımından hamam otağında qaz cihazı olması məqsədəuyğun deyil. Əgər quraşdırılıbsa, mütləq nəfəslik və dəm qazı əleyhinə dedektor olmalıdır. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində dəm qazından zəhərlənmə halı minimuma enir”.

Bənövşə HƏSƏN

Seçilən
0
1
redaktor.az

2Mənbələr