AZ

10 manata kostyum, 3 manata yastıq… – ”Bit bazarı”ndan kimlər geyinir – VİDEOREPORTAJ

“Ağdamdan qaçqın düşəndən sonra ailəm Göyçay şəhərinə gəldik. 1999-cu ildə isə 11-ci sinifi bitirib Bakıya yollandım. Burada Bakı Yeyinti Sənaye Texnikumuna daxil oldum. O vaxtdan Sabunçu bazarına gəlirdim. Həmin vaxtlar paltar azlığı var idi deyə geyimləri buradan alırdım. Elə o zamandan bu bazara öyrəşdim. Hərbi xidməti bitirəndən sonra isə Bakıya geri dönüb burada işlədim”.

Şəhriyar Bəxtiyarov Ağdam şəhərindəndir. 25 ildir ki, Bakının Sabunçu rayonunda yaşayır. Onun 42 yaşı var. 1993-cü ildə qaçqınlıq həyatı başlayandan sonra Bakıya köçüb və bütün həyatını buraya uyğunlaşdırıb. O hazırda Sabunçu bazarında istifadə olunmuş geyimlərin və əşyaların satışı ilə məşğuldur. Onun piştaxtasında ikinci əl paltarlar, yorğan-döşək və müxtəlif qab-qacaqlara rast gəlmək olar.

“Adamlar var ki, başqasının evini təmizləyəndə onlara geyimlər verirlər. Onlar da həmin geyimləri gətirib bizə satırlar. Biz də üstünə bir neçə manat qoyub başqalarına satırıq. Məndə satışda daha çox kişi geyimləridir: şalvarlar, kurtkalar, ayaqqabılar vəs. Nə gətirsələr, alırıq və satırıq. Pulsuz da təsadüfən kimsə gətirib verir, insanalrın 95 faizi pulla satır.

Bir manata aldığımız şalvarı 3 manata, 2 manata aldığımız ayaqqabıları isə 4-5 manata satırıq. Elə paltarlar var ki, tamami ilə işlənməyib”.

Şəhriyar deyir ki, əsas müştəriləri rayon camaatı və Bakının fəhlələridir. Bölgələrdən olan satıcılar ondan ucuz qiymətə alıb, üstünə bir neçə manat əlavə edərək rayon əhalisinə satırlar.

“Adam var ki, gəlib topdan 50-100 şalvar alır. Paytaxtda isə tikinti sahəsində işləyənlər daha çox buraya gəlirlər. Elə adam var ki, toya geyinmək üçün məndən kostyum alır. Bir kostyumu 5 manata alıb, 10 manata satırıq. Çox geyinilmir, yaxşı vəziyyətdə olurlar. Yutubda nömrəm var, zəng edirlər,danışırıq gətirirlər, yaxud da ünvanı deyirlər, gedib mən alırıam. Geyimlər çox köhnə olan zaman götürmürük. Eləsini alırıq ki, sata bilək.

Yorğan-döşəyi də gedib evlərdən alırıq. Sökürük, yunu çırpılır, didilir və yenidən sırınır. Aldığımız vəziyyətdə sata bilmirik. Kirayə qalanlar gəlib yorğan-döşək alırlar. Ədyalları da yuyub sonra satışa çıxarırıq. Həyətdə paltar yuyan qoymuşuq, orada yuyub satırıq. Döşəkləri 3 manata alıb 10 manata satırıq. Balışları isə 1 manat alıb 4 manata satırıq”.

Həmsöhbətim digər satıcılardan fərqli olraq tək həftə sonu deyil, digər günlərdə də bazarda iş başında olur. Deyir ki, bu bazardan başqa gəlir yeri yoxdur.

“Mənim müşətrilərim həftə içi də gəlirlər. Bizdə piştaxtaya 5 manat ödəyirik. Mənim 4 piştaxtam olduğu üçün 20 manat ödəyirəm. Həftə içi alıcı az olduğuna görə güzəşt edirlər. Gəlir pis deyil. Elə gün olur ki, 50 manata qədər alverimiz olur”.

Şəhriyar 10 yaşına qədər yaşadığı Ağdamdan da söz açdı. Dedi ki, babası Ağdam bazarında alver edirmiş. Oranın yollarını, izlərini bu gün də xatırlayır.

“Bizim təməlimiz alverlə qoyulub. Biz alveri çox sevirik. Ağdamda babam alverçi, anam ticarətçi olub. İxtisasım maliyyəçidir. Lakin gözümüzü açıb ticarəti görmüşük. Ağdamda 8 nömrəli məktəbdə oxumuşam. Şəhərin hamısı yadımdadır. Lakin artıq Bakıya öyrəşmişəm”.

 

Seçilən
1
2
tribunainfo.az

3Mənbələr