AZ

Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

Image

Fuad İbrahimov: “Bütün bu rəqəmlər onu göstərir ki, sığorta bazarı qeyri-bərabər bölünüb və monopoliya var”

Ötən il ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 1 milyard 222 milyon manat sığorta haqqı yığılıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yığılan sığorta haqqı 10,3 faiz və ya 114 milyon manat artıb. 

Ancaq məsələ ondadır ki, ümumilikdə sığorta yığımlarının 93 faizi 5 şirkətin payına düşüb. Yerdə qalan 12 şirkətin sığorta yığımlarında payı üst-üstə 7 faizdir. Belə olduqda bir belə sığorta şirkətinin fəaliyyət göstərməsinin mənası nədir? Bu kəmiyyət kimə lazımdır? Bundansa olmaz ki, bu sığorta şirkətləri birləşsinlər?

“Sığorta yığımlarının 93 faizinin 5 şirkətin əlində cəmləşməsi yaxşı hal deyil”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Bütün bu rəqəmlər onu göstərir ki, sığorta bazarı qeyri-bərabər bölünüb. Pay bölgüsü qeyri-bərabərdir. Bu da onu göstərir ki, sığorta bazarında bir monopoliya var. Belə olanda bu, sığorta bazarında xidmətin keyfiyyətinin aşağı düşməsinə öz təsirini göstərir. Təsadüfi deyil ki, bəzi hallarda sığorta halı baş verəndə şikayətlərin sayı çox olur. Yəni elastiklik yoxdur. Düzdür, dünyanın bir çox ölkəsində sığorta ilə bağlı problemlər var. Hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə də sığorta ilə bağlı problemlər var. Sığorta halı baş verəndə insanlar zülm çəkir. Vətəndaş o pulu əldə edənə qədər olmazın çətinliklərlə üzləşir. Ancaq hər bir halda gördüyümüz rəqəmlər onu göstərir ki, sığorta yığımlarının 93 faizinin 5 şirkətin əlində cəmləşməsi yaxşı hal deyil. Ən azından bu, rəqabət imkanlarını heçə endirir. Belədə onsuz da sığorta şirkətlərinin sayı azalmaqdadır. Əvvəllər sığorta şirkətlərinin sayı daha çox idi. Sonrakı dövrlərdə say azalmağa başladı. Hazırkı bazar payı az olan 12 sığorta şirkətinə gəldikdə isə, burada məsələ bir qədər fərqlidir. Məsələ ondadır ki, bu sığorta şirkətləri müxtəlif dairələrə yaxındır. O baxımdan bunların birləşməsi elə də real görünmür. Başqa bir tərəfdən, bunların fəaliyyəti ziyanla olsa, o zaman fəaliyyət göstərməzdilər. Görünür, özlərini təmin edirlər, amma bu, sığorta bazarının inkişafına doğru deyil. Bir səviyyədə qalıb eyni gəliri əldə etməklə gələcəkdə hər hansısa yeni alətlərin tətbiq olunmasında əziyyət çəkə biləcək şirkətlər olacaq. Yaxud da birləşib güclü ola biləcəklər, amma məlum səbəblərdən bu mümkün görünmür. Bütün bu problemlərin kökü onu göstərir ki, sığorta sahəsində inhisarçılıq var”.

Vidadi ORDAHALLI





Seçilən
7
baki-xeber.com

1Mənbələr