AZ

"Çində "TikTok"-un Maska satışının mümkünlüyü müzakirə olunur" - "The Wall Street Journal"

"Çin Xarici İşlər Nazirliyi aktivlərin amerikalı tərəfə ötürülməsini "quldur məntiqi" adlandırıb..."
 
"TikTok"-un ABŞ-da qadağan olunması ehtimalını nəzərə alaraq, Çin rəsmiləri məhdudiyyətlərdən qaçma yollarını araşdırır. Xüsusilə sosial şəbəkənin etibarlı və qeyri-çinli bir tərəfə ötürülməsi ehtimalını nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
 
Nəşrin məlumatına görə, belə bir tərəf amerikalı milyardçl İlon Mask ola bilər. Qeyd edilir ki, Çin "TikTok"-un ABŞ-da qadağan olunmasını nəzərdə tutan qanuna etiraz edir. Bu, Çinin "ByteDance" şirkətinin öz payını satmadığı təqdirdə qüvvəyə minəcək. Əgər məhkəmə qərarın qüvvədən düşdüyünü elan etməzsə, Ali Məhkəmənin bu qərarı yanvarın 19-da qüvvəyə minəcək.
 
"TikTok"-un qadağan edilməsi yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyası öncəsi ABŞ və Çin arasındakı münasibətləri daha da gərginləşdirən məsələlərdən biridir. Qəzet yazır ki, Pekində yüksək rəhbərlik sosial şəbəkəni potensial münaqişə mövzularından biri kimi qiymətləndirir.
 
Donald Trampın özü isə "TikTok"-un ABŞ-da qalmasına imkan vermək üçün bir yol tapmaq istədiyini bildirib. Lakin razılaşmaya hazır olmaq Çin rəhbərliyinin mövqeyinə uyğun deyil. Onlar ABŞ-ın bu qanununu qəbuledilməz hesab edir və ona qarşı mübarizə aparılmasının vacib olduğunu düşünür.
 
Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, "quldur məntiqidir", çünki onların fikrincə, bu, "başqalarının malik olduğu yaxşı şeyləri hər hansı bir yolla ələ keçirmək cəhdidir", qəzet yazır.
 
"TikTok" video yaratmaq və yaymaq, həmçinin onlayn yayımları üçün nəzərdə tutulmuş Çin tətbiqidir. Xidmət 2016-cı ilin sentyabrında Çinin "ByteDance" şirkəti tərəfindən istifadəyə verilib.
 
2020-ci ildə prezidentliyi dövründə Donald Tramp ABŞ istifadəçilərinin "TikTok"-a girişini qadağan etmək üçün fəal şəkildə çıxış edib. O, xüsusilə tətbiqin Amerika şirkətinə satılmasını tələb edib. Lakin tətbiqi qadağan etmək cəhdlərinin uğursuzluğundan sonra Tramp mövqeyini dəyişib və indi belə bir qərarın əleyhinədir, çünki bu, onun "xalqın düşməni" adlandırdığı "Facebook"-un xeyrinə ola bilər,  "The Hill" nəşri yazıb.
 
Eyni zamanda, 15 dekabr 2022-ci ildə ABŞ Senatı federal işçilərin cihazlarında "TikTok" istifadəsini qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib. Dekabrın 28-də bu layihəni Nümayəndələr Palatası dəstəkləyib. Oxşar qadağanı ABŞ-ın 27 ştatının rəhbərliyi də qəbul edib, "Business Insider" məlumat verib. ABŞ Nümayəndələr Palatası 2024-cü ilin martında qanun layihəsini qəbul edib.
Seçilən
6
moderator.az

1Mənbələr