AZ

Qacarlar Fransanı necə aldatdı? - TƏHLİL

Böyük sərkərdə Əmir Teymur vəfat edəndən sonra onun gəncliyindən ölüm gününə qədər yanında olan və türk ustalarının məharətlə hazırladığı qılınc yoxa çıxır. Uzun illər bu qılıncı axtarmaq üçün Avropa ölkələrinin kəşfiyyatçıları səyyahlar qisimində Şərqi gəzirlər. Sonuncu səfər qılınc İrəvan xanı Həsən xan Qacarda olub, sonra Özbəkistanda gizlədilib və Türk Qurtuluş müharibəsi zamanı Atatürkdə olub. Bu barədə YAZIMI oxuya bilərsiniz-https://axar.az/news/layiheler/777734.html
Bu qılıncı ələ keçirmək istəyənlərdən biri də dünya tarixində məğlubedliməz sərkərdə titulu alan Napelon Bonapart olub. Bu qılıncın nə üstünlüyü olub ki, əsrlərdir onu axtarırlar? Bütün dövlət başçıları, hərbiçilər bu qılınca sahib olmaq üçün yüzlərlə insanın ölümünə səbəb olublar.
Rusiya filosofu, arxeoloqu, mədəniyyətşünası, mistiki Nikolay Konstantinoviç Rerix uzun illər araşdırmasından sonra yazır : “ Əmir Teymur mistik “qara daşa” sahib olub. Əfsanələrə görə Süleyman Peyğəmbərdən sonra bu daş onun əlinə keçib və bu daşdan ona qələbələr gətirən qılınc hazırlanıb”
Qılınc barədə rəvayətlər bütün Şərq və Avropanı bürümüş idi. 1807-ci ildə Fransa imperatoru Tehrana təkcə hərbi qulluqçuların deyil, həm də alimlərin daxil olduğu güclü bir heyətdə diplomatik nümayəndələr göndərdi. Şərqdəki missiyaya briqada generalı Klod Matye de Qardan rəhbərlik edirdi.
Digər məsələlərlə yanaşı, danışıqlar zamanı fransızlar Qacar dövlətində saxlanılan Əmir Teymurun qılıncının Napoleona hədiyyə olaraq verilməsini istəyirlər və nəticədə verilən təkliflər qarşısında Napelona onu hədiyyə etməyə razı olurlar.
24 yanvar 1808-ci ildə Parisdə çıxan “Journal de l'Empire” qəzetinin müxbiri İstanbulda olarkən yazırdı:
“ Qacar şahının Fransa imperatoru yanındakı fövqəladə səfiri Əsgər-Xan tezliklə Parisə gəlmək üçün Tehrandan yola çıxmış, özü ilə Fransa sarayı üçün möhtəşəm hədiyyələr gətirir. O, dünyanın ən böyük İmperatoruna Əmir Teymurun qılıncını təqdim edəcək”
Əsgər Xan Əfşar bir neçə ay sonra Fransaya gəldi. Səfir Napoleon tərəfindən 4 sentyabr 1808-ci ildə Paris yaxınlığındakı Sen-Klu Şatosunda təntənəli şəkildə qəbul edildi. Dəbdəbəli hədiyyələr arasında iki əfsanəvi qılınc da var idi: birinci qılınc, səfirin dediyinə görə, vaxtilə Əmir Teymurun özünə məxsus idi; ikincisi isə fateh Nadir şah Əfşara.
Napoleon hətta Əmir Teymurun qılıncının tapılması faktını əbədiləşdirmək niyyətində idi, çünki bu hadisə onu Avropa ictimaiyyətinin gözündə Asiyanın əfsanəvi fateh səviyyəsinə qaldırdı. İmperator Bastiliya meydanında nəhəng bir fil heykəli ucaltmağı planlaşdırırdı, onun kürəyində xalq Bonaparta tarixi yadigar təqdim edən saqqallı şərq adamının fiqurunu görəcəkdi.
Lakin Qacarlar fransızları aldatdılar. Əsgər Xan Əfşar Parisə heç bir tarixi dəyəri olmayan iki gözəl, zəngin bəzəkli qılınc gətirmiş idi. Napoleon özü də sürgündə olarkən etiraf edirdi ki, Qacarlar onu asanlıqla aldada biliblər.
Ömrünün sonunda Bonapartla tez-tez söhbət edən qraf Emmanuel de Las Keys “Müqəddəs Yelenanın xatirəsi” əsərində onunla bu barədə söhbətini belə yazır :
“Mən Böyük Fridrixin qılıncına sahib idim; ispanlar mənə I Fransiskin qılıncını Tuileriyə gətirdilər - və bu, onlar üçün böyük bir qurban idi; türklər və perslər mənə Çingiz xanın, Əmir Teymurun və Şah Nadirin qılınclarını göndərdilər; lakin mən, əlbəttə ki, bu hədiyyələrin niyyətini onların tarixi həqiqətinə inandığımdan daha çox qiymətləndirirdim”
Zaur Əliyev, tarixçi alim
Seçilən
1
1
news365.az

2Mənbələr