AZ

“Xəstə qalıb ortada, biz yer axtarırıq” - Dövlət klinikalarında niyə YER TAPILMIR?

“İnsult keçirən, ağır vəziyyətdə olan xəstəmizi yerləşdirməyə xəstəxana tapa bilmədik. Hansına apardıq, başlarından elədilər, dedilər ki, yerlərimiz doludur. Bakıda bu qədər xəstəxana var, yer məsələsini həll edə bilmirlər. Reanimasiyalıq və tərpədilməsi təhlükəli olan xəstəmiz ortada qaldı...”

Bunu Bizim.Media-ya şikayətçilərdən biri bildirib.

Qeyd edək ki, bu, sözügedən mövzuda narazılığını bildirən, çətin duruma düşən ilk şikayətçi deyil. Bir çox insanlar bənzər problemlə qarşılaşdıqlarını sosial şəbəklərdə bildirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sayı artan uşaq ölümlərinin səbəbi araşdırılırmı? – AÇIQLAMA


Bəs, dövlət xəstəxanalarında yer çatışmazlığının səbəbi nədir?

Xəstəxanaların bəzilərində buna səbəb bölgələrdəki xəstələrin paytaxta axın etməsi göstərilir. Digər iddialara görə ciddi xəstəliyi olmayanlar, pensiya almaq istəyənlər, hətta xəstəxanadan sənəd əldə etmək istəyənlər də Bakı xəstəxanalarına üz tutur, hətta bir neçə gün yatmalı olurlar.

Bu səbəbdən xəstəxanalarda yer tapılmır. Başqa bir səbəbə görə isə xəstə sayının çoxluğundan belə bir problem yaşanır.

Maraqlısı isə odur ki, xəstə yaxınları hay-küy edəndən sonra xəstəxanalarda yer tapılır və xəstə yerləşdirilir.

Bir sözlə bu müəmmalı vəziyyətin əsl kökü məlum deyil...

Mövzu ilə bağlı sualımızı TƏBİB-ə ünvanladıq.

Qurumdan Bizim.Media-ya bildirdilər ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi məqsədilə bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər:

“Qeyd etməliyik ki, xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir. Pasiyentlərin sağlamlıq durumları tibb personalı tərəfindən dəyərləndirdikdən sonra zərurət üzrə onların müvafiq şöbələrə yerləşdirilməsi təmin olunur”.

TƏBİB-dən o da bildirilib ki, son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir:

“Çarpayıların doluluq səviyyəsi hər gün dəyişir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaşların TƏBİB tabeli başqa tibb müəssisələrinə yerləşdirilməsi mümkün olmur. Artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir”.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr