Azərbaycan Milli Elmi Komandası bu il sentyabrın 29-dan oktyabrın 3-nə qədər Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresinə qatılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") məlumat yayıb.
Bildirilir ki, Milli Elmi Komandamız artıq 4-cü ildir ki, bu tədbirdə aktiv iştirak edir. Bu ilki konqresin əsas mövzusu “Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) olacaq və bu mövzu kosmos yenilikləri ilə dayanıqlılıq arasındakı əlaqəni araşdıracaq. Mövzu üç əsas sahəyə fokuslanacaq: Yer üçün kosmos əsaslı tətbiqlər; dayanıqlı kosmos fəaliyyətləri və Yerdən kənarda həyatın davam etdirilməsi.
Sidney Konqresində təqdim olunacaq elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi mövzuları əhatə edəcək.
Sidney Konqresi haqqında məlumat 13 yanvar 2025-ci il tarixində Azərbaycan Milli Elmi Komandasının Sertifikat Təltifetmə Mərasimi və Beynəlxalq Astronavtika Konqresi 2025 layihəsi çərçivəsində Mentorluq Proqramının təqdimatı tədbirində təqdim olunub. Tədbir, "Azərkosmos"un KOSMİK Akademiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib. Mərasim Azərbaycanın kosmik elm sahəsində inkişafını və kosmik ekosistemi dəstəkləyən təşəbbüsləri gücləndirmək məqsədi daşıyır.