AZ

AYNA-da hesabatlılıq problemi - Tələbləri pozur

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maliyyə, konsolidə olunmuş maliyyə və audit hesabatlarını açıqlamır. 

Valyuta.az xəbər verir ki, Agentlik rəsmi veb səhifəsində maliyyə və audit hesabatlarını açıqlamayıb. 

Belə ki, sözügedən Agentlik prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmanla yaradılıb, 2022-ci ilin sentyabr ayında isə nizamnaməsi təsdiqlənib.  
Bununla belə, ötən müddəti əhatə edən hər hansı maliyyə hesabatı dərc edilməyib. 
AYNA-nın rəsmi səhifəsini sadəcə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 2018-2021-ci illərə aid hesabatları bəzəyir. 
Halbuki, Agentliyin nizamnaməsi tələb edir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş qaydada mühasibat uçotu aparılsın, maliyyə hesabatları tərtib, təqdim və dərc edilsin.  

Mediayada yayılan məlumatlara əsasən Agentlik 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə 2024-cü ilin oktyabr ayında yekun vurub. Tenderin qalibi "RSM Azerbaijan" MMC-yə də 64,9 min manat ödəniş edib (Maraqlıdır ki, AYNA keçirdiyi tenderləri belə öz rəsmi səhifəsində dərc etmir).

AYNA burda da qanunun tələblərini pozub. “Mühasibat uçotu haqqında” qanuna əsasən hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Bütün bunlar isə Agentliyin fəaliyyətində hesabatlılıq və şəffaflıqla bağlı şübhələr doğurur.

Seçilən
3
valyuta.az

1Mənbələr