AZ

Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu

Saatlı Rayon Məhkəməsində rüşvətə təhrik etmədə və digər cinayətlər törətməkdə təqsirləndirilən Ziyad Bəşirlinin (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirlətif Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 308.1, 32.5, 313 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib. Ziyad Bəşirlinin barəsində Cinayət Məcəlləsinin 32.5, 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib, Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə cəza təyin olunmayıb. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 il 6 ay müddətə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 min manat məbləğində cərimə cəzası təyin olunub. Ziyad Bəşirlinin Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il 6 ay müddətə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilib.


Qeyd: Ziyad Bəşirli Saatlı Rayon Mərkəzi Xəstəxanasının İdarəetmə aparatının keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyib.


İttihama görə, o, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etmiş, vəzifəli şəxsin informasiya resurslarına şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün şəxsən birbaşa yolla maddi neməti təkrarən istəməklə təkrarən almışdır.


Ziyad Bəşirli məhkəmədə ona qarşı elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 2019-2021-ci iləərdə Saatlı RMX-də həkimstatistik, 2021-ci ildə Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin müdiri vəzifələrində çalışıb. Həmin ildən hazırkı dövrədək isə xəstəxananın Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri kimi əmək fəaliyyətini davam etdirib.
 

Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi bildirib ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməyib. Ona görə də göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsi və mülki cavabdeh-təqsirləndirilən şəxs 51150,68 manat maddi ziyanın alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

 

Kamal Məmmədov 

Tarix: 15 Yanvar 2025, 10:37   
Seçilən
3
pravda.az

1Mənbələr