“Kapital Bank”ın “Birbank” kartı vasitəsi ilə QR ödəniş sistemi ciddi narahatlıq yaratmaqdadır...
Sosioloq: “Əgər AYNA öz işini yeni texnologiyalar üzərindən normal qura bilmirsə, o zaman yenə ənənəvi nəğd üsulla ödənsə keçilsin”.
“Açığı məndə belə qənaət yaranıb ki, “Bakı Kart”ın onlayn ödəniş sisteminin ləğv olunması indi yaşananlarla bağlıdır. Əgər bu belədirsə, bu sadəcə dələduzluqdur”.
Bu sözləri sosioloq Elçin Bayramlı “Kapital Bank”ın “Birbank” kartı vasitəsi ilə QR ödəniş sisteminin ciddi narahatlıq yaratmasını Poliqon-a şərh edərkən qeyd edib.
“Kapital Bank”ın “Birbank” kartı vasitəsi ilə QR ödəniş sistemi ciddi narahatlıq yaratmaqdadır. Hər şeydən əvvəl QR biletlərə zaman müddətinin qoyulması və biletin pulunun istifadədən əvvəl bank tərəfindən tutulması sərnişinlərin narazılığına səbəb olur. Digər tərəfdən isə sərf edilməyən biletlərin pulu bir çox halalrda geri qaytarılmır. AYNA isə bu məsələdə bütün məsuliyyəti “Kapital Bank”ın üzərinə ataraq bu problemləri ortadan qaldırmaqdan yayınır.
Bəs, doğrudanmı AYNA-nın bu məsələdə məsuliyyəti yoxdur?
Qeyd edək ki, QR biletinin pulunun əvvəlcədən bank kartından çıxarılmasına və sonradan həmin biletin vaxt məhdudiyyəti səbəbindən istifadə olunmaması görə AYNA birbaşa məsuliyyət daşıyır. Məsələ ondadır ki, sərnişinlərin rahatlığı və problem yaşamaması üçün AYNA tərəfdaşlıq etdiyi banklara öz şərtlərini diqtə etməli və sərnişinlərin problemsiz daşınmasını təmin etməlidir. Bu baxımdan yaşanan problemlərlə bağlı AYNA-nın məsuliyyəti öz üzərindən atmağa cəhd eləməsi heç də başa düşülən deyil.
Digər tərəfdən, hansı səbəbdən bank QR biletlərinin pulunu əvvəlcədən çıxır? Pulun bilet istifadə edildikdən sonra çıxılması daha doğru olmazmı? Bu həm bank üçün, həm də sərnişinlər üçün əlverişlidir. Çünki bilet istifadə edildikdən sonra pulun çıxılması bankı sonradan istifadə edilməyən biletlərin pulunu geri qaytarmaq əziyyətindən xilas edir. Nəzərə alsaq ki, istifadə edilməyən biletlərin pulunu geri qaytarılması üçün əlavə vəsait sərf edir və bunun üçün bank əlavə işçilər cəlb edir, o zaman pulun biletin istifadəsindən sonra çıxılması bank üçün daha əlverişlidir.
Bir daha qeyd edirik ki, QR biletlərinə vaxt məhdudiyyəti qoyulması ilə bağlı AYNA öz mövqeyini dəqiq açıqlamalı və istifadə olunmayan biletlərə görə sərnişinlərin pulunun sərf olunmasına qarşı addımlar atmalıdır.
Mövzunu Poliqon-un əməkdaşı sosioloq, araşdırmaçı-jurnalist Elçin Bayramlı ilə müzakirə edib.
Elçin Bayramlı: “AYNA bu prosesə nəzarət etməlidir. Bu nə sistemidir qurulub? AYNA hər dəfə yeni bir sistem təşkil edir və hər dəfə də onların sistemləri onu da biabırçı vəziyyətdə olur”.
Əgər bu problemlər həll olunmasa, əhalinin tamamilə QR ödəniş sistemindən imtina edəcəyini və bank sisteminə inamını itəcəyini vurğulayan sosioloq Poliqon-a bildirib ki, əgər AYNA öz işini yeni texnologiyalar üzərindən normal qura bilmirsə, o zaman yenə ənənəvi nəğd üsulla ödənsə keçilsin. Bunun başqa yolu yoxdur:
“Texnologiya inkişaf etdikcə yeni-yeni onlayn dələduzluqlar, kiber fırıldaqlar ortaya çıxır. Çox təəssüf ki, bundan banklar da istifadə edir. Artıq əməliyyatların böyük hissəsini kart üzərindən onlayn sistemə keçiriblər. Buna da nəzarət etmək çətindir. Saniyə-saniyə heç kəs izləyə bilmir ki, balansında nə var idi, hara nə köçürülüb və nə qalıb. üstəlik bir neçə aydan sonra deyilər ki, bəs biz balansdan pulumuzu çıxmamışıq, üzrlü hesab edin...
Axırıncı silinmə prosesində mənim də balansımdan 6 manat 20 qəpik çıxılıb. Banka zəng etdim, dedilər ki, noyabr ayında sizin gediş haqqları çıxılmayıb. Halbuki, həmin vaxt kartdan pul çıxılırdı. Guya sonradan geri qaytarılıb. Kimdir oturub hesablayan ki, o vaxt balansımda 174 manat 34 qəpik var idi, sonra 172 manat 62 qəpik qaldı. Bu formada insanlara nağıl danışmaq lazım deyil. Heç kəsin bunu araşdırmağa nə vaxtı, nə səbri, nə də texniki cəhətdən imkanı yoxdur.
Bu bankın səhvidirsə, səhvi öz üzərinə götürməlidir və səhvinə görə də ziyanına da qatlanmalıdır. Səhv etmisən, etməyəydin. Kim nə bilir sən səhv etmisən? Bəlkə sonradan oyun çıxarmısan? Biz nə bilək? Sosial şəbəkələrdə paylaşırlar və deyirlər ki, ümumiyyətlə onlar “Birbank” kartından nəqliyyatda istifadə etməyiblər. Ancaq onların balansından 30 manat tutulub. Bu necə ola bilər? Yüzlərlə, minlərlə adam belə deyir. Bankın hər hansısa texniki problemi olubsa, onun insanlara nə dəxli var? Mənim həmin vaxt kartımda az pul var idi və bank olan pulu çıxıb, 3 manat 35 qəpik də borc yazılıb.
Elçin Bayramlı: “Sosial şəbəkələrdə paylaşırlar və deyirlər ki, ümumiyyətlə onlar “Birbank” kartından nəqliyyatda istifadə etməyiblər. Ancaq onların balansından 30 manat tutulub”.
Bu böyük bir bank üçün ayıbdır. Zəhmət çəkin, sisteminizi düzgün qurun və nəzarət imkanınız olsun.
Eyni zamanda AYNA da buna nəzarət etməlidir. Bu nə sistemidir qurulub? AYNA hər dəfə yeni bir sistem qurur və hər dəfə də onların sistemləri onu da biabırçı vəziyyətdə olur. Artıq 6 aydır ki, “Bakı Kart”ın onlayn ödəniş sistemi işləmir. Niyə işləmir? Bəlkə ona görə ki, indiki yaranmış vəziyyəti təşkil etsinlər? Açığı məndə belə qənaət yaranıb ki, “Bakı Kart”ın onlayn ödəniş sisteminin ləğv olunması indi yaşananlarla bağlıdır. Əgər bu belədirsə, bu sadəcə dələduzluqdur.
Əgər AYNA öz işini yeni texnologiyalar üzərindən normal qura bilmirsə, o zaman yenə ənənəvi nəğd üsulla ödənsə keçilsin. Bunun başqa yolu yoxdurAdamların hesabını silib-süpürürlər. Səhv bankındır və zəhmət çəkib zərəri də özləri çəkməlidirlər. İnsanların balansından belə bəhanələrlə pul tutmaq olmaz. Burada milyonlarla vəsaitdən söhbət gedir.
Bir neçə gündür xüsusi olaraq sosial şəbəkələrdə müşahidə aparıram. Müşahidəmə görə artıq insanlar kütləvi şəkildə onlayn sistemdən, bank əməliyyatlarından imtina etməyə hazırlaşırlar. Kartları qırıb atırlar. Artıq insanlar deyirlər ki, nəğd pul üzərində bizim nəzarətimiz var. Amma onlayn kart sistemində min cür fırıldaq olur. Bu cür dələduzluqlar olmaz. İnsanlar dövlətə, banka etibar edirlər.
Belə bir sistem qurmaq olmaz. Hazırda yaranmış vəziyyət ölkədə onlayn maliyyə əməliyyatlarını yerə vurur, indiyə qədər görülmüş işləri məhv edir. Buna görə insanlar yenidən nəğd əməliyyatlara qayıdırlar. Bu halda da müəyyən rüşvət halları olur. Onlayn sistemə ona görə keçirilir ki, hər şey şəffaf olsun, vergidən yayınma olmasın, korrupsiya, rüşvət aradan qalxsın. Amma bunların hamısı kimlərinsə qeyri-peşəkarlığı nəticəsində məhv olur. İnamsızlıq, talançılıq sisteminə görə insanların onlayn ödəmə sisteminə inamı qalmır. Buna görə də, insanlar onlayn ödəmədən imtina edirlər.
Elçin Bayramlı: “Tək “Kapital Bank” belə deyil. Başqa banklar da kredit kartlarında, debit kartlarında oyun oynayırlar”.
Banklar bu əməliyyatlarla özlərinə 10 dəfədən artıq zərər vururlar. Tutaq ki, buradan yüz min manat irəli düşdüsə, sonra 1 milyon manat da itirir. Çünki müştəri artıq ondan imtina edir. Bu elementar sistemdir. Əgər ödəniş vurulursa, balansdan həmin vəsait çıxmalıdır. Yoxsa, 3 aydan sonra yuxudan oyanıb demək olmaz ki, mən səhv eləmişəm.
Qeyd edim ki, tək “Kapital Bank” belə deyil. Başqa banklar da kredit kartlarında, debat kartlarında oyun oynayırlar. Onlar da texniki səhv deyib, vəsaiti kartda iki dəfə çıxırlar. Elə bank işçiləri olub ki, işdən çıxmasına az qalmış bütün hesabı silib-süpürüb xaricə gedib.
Bir daha qeyd edim ki, banka inam, nəzarət olmalıdır. Bankların heç operatorlarına düşmək mümkün deyil. Belə sistem olmur. Əgər bu problemlər həll olunmasa, əhalinin tamamilə bank sisteminə inamı itəcək. Yenə ənənəvi nəğd üsulla hesablaşmağa davam edəcəyik. Bunun başqa yolu yoxdur”.
Nərminə UMUDLU
Poliqon.info