Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Hayrenik” Partiyasının sədri Artur Vanetsyan “Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında sənəd”lə tanış olduqdan sonra narahatlıq keçirdiyini bildirib.
Modern.az xəbər verir ki, Vanetsyanın sözlərinə görə, gedişata əsasən, baş nazir Nikol Paşinyan tezliklə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını elan edəcək.
“Rusiya Federasiyası öz növbəsində mahiyyətcə bildirdi ki, Ermənistan Avropa Kittifaqına üzvlük məsələsini gündəmdə saxlaya bilməz və Avrasiya İqtisadki İttifaqının üzvü olaraq qala bilməz.
Aydındır ki, Nikol Paşinyanın xarici siyasəti hələ də avantüra sferasındadır və vətənimizə növbəti fəlakət gətirmək təhlükəsi yaradır.
İstənilən hökumət qərarı vətənin mənafeyinə və bu qərarın nəticələrinin diqqətlə hesablanmasına əsaslanmalıdır. Bu arada, bu işdə başqalarının maraqlarından doğan tələskənlik göz qabağındadır. Bu o deməkdir ki, istisnasız olaraq hamımızın əziyyət çəkəcəyi ciddi nəticələr ola bilər”, - Vanetsyan bildirib.
Xatırladaq ki, dünən – yanvarın 14-də Vaşinqtonda Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi olub.
Ermənistan tərəfindən sənədi xarici işlər naziri Ararat Mirzoyan, ABŞ tərəfindən isə dövlət katibi Antoni Blinken imzalayıb. Sənədin tam mətni aşağıda təqdim olunur.
Sənədə görə, Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları dostluq münasibətlərinin və strateji tərəfdaşlığın əhəmiyyətini təsdiqləyirlər.
“Onlar iki ölkənin mənafeyi naminə tərəfdaşlığı dərinləşdirməyə və geniş qarşılıqlı prioritetlər çərçivəsində əməkdaşlığı genişləndirməyə çalışırlar.
İki demokratik ölkə arasında bu əməkdaşlığın ümumi dəyərlərə və ümumi maraqlara əsaslandığını vurğulayırlar. Bunlara demokratiya və iqtisadi azadlığın təşviqi, suverenliyin və ərazi bütövlüyünün qorunması, qanunun aliliyinin, insan hüquqlarına və əsas azadlıqlarına hörmətin gücləndirilməsi, innovasiya və texnoloji tərəqqinin dəstəklənməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi daxildir”, - sənəddə qeyd edilib.